Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təlimlərdə müəllimlərə İKT-nin təhsildə istifadəsi üzrə praktiki məsləhətlər və istiqamətlər veriləcək


 “Mədəd Azərbaycan” və “Microsoft Azərbaycan” təşkilatlarının əməkdaşlığı çərçivəsində Azərbaycan məktəblərində “Həmkara Dəstək” təlimləri başladı. Müvafiq təlimlər Bakı, Sumqayıt, Bərdə, Qax, Quba şəhərlərində keçirilir. Hazırda bu təlimlər Bakı şəhərində 7, 220 və 285 nömrəli tam orta məktəblərdə davam edir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən qeyd edilib ki, “Həmkara dəstək” layihəsi müxtəlif dünya ölkələrində həyata keçirilir və Azərbaycan bu şəbəkəyə qoşulan 50-ci ölkədir.

 “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasi üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən layihənin əsas məqsədi məktəblərdə müəllimləri fəallaşdırmaq, onlara metodiki məsləhətlər vermək və müasir texnologiyaların təlim və tədris prosesinə effektiv tətbiqini təmin etmək üçün məktəblərdə dayaq nöqtələri, yəni həmkar müəllimlər hazırlamaqdır. “Həmkara dəstək” tədrisin və müəllimlərin peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsinə yönəlmiş peşəkar inkişaf metodudur.

Təlimlər vasitəsilə həmkar müəllimlər məktəblərdə çalışan digər müəllimlərə informasiya və kommunikasiya texnologiyalarının təhsildə istifadəsi üzrə praktiki məsləhətlər və istiqamətlər verəcək. Bununla, həm tədris olunan fənn, həm də müasir texnologiyaların bu fənnin tədrisində istifadəsi təhsilin keyfiyyətinin artmasına səbəb olacaq.
 
HƏQİQƏT





27/04/12    Çap et