Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet vasitəsilə sürücülük vəsiqəsi almaq olacaq


Bundan sonra sürücülük vəsiqəsi almaq istəyənlər dövlət rüsumunu yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəməli olacaq. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qərar qəbul edib.

Qərarda, həmçinin bildirilir ki, sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.10-cu bəndində göstərilən sənədləri bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və verilməsini interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır.

Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu, mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.

Sənədlər "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir.

Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün "Elektron növbə" idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.

Dəyişikliyə görə, yol hərəkəti qaydaları üzrə nəzəri imtahan informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qəbul edilir. İmtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında quraşdırılan videokameralar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır.
 
SEYMUR





15/05/12    Çap et