Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” və “iOS” mobil platformalar bazarına nəzarət edir


“IDC” tədqiqat şirkəti smartfonlar üçün əməliyyat sistemləri bazarı üzrə statistikanı elan edib.
“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, 2012-ci ilin birinci rübündə müxtəlif platformalarda işləyən təxminən 152,3 milyon smartfon tədarük edilib. Bu, 2011-ci ilin analoji dövrü ilə müqayisədə 50 faiz daha çoxdur; belə ki, o zaman satışların həcmi 101.6 milyona bərabər idi.

Mobil platformalar bazarının lideri, sözsüz ki, “Android” platformasıdır, onun payı 1 il ərzində 36,1 faizdən 59,0 faizə qədər artıb. 2012-ci ilin birinci rübündə 89,9 milyon "quqlfon" satılıb və onların 45,4 faizi “Samsung” şirkəti tərəfindən istehsal edilib.

Populyarlığa görə ikinci yerdə “iOS” platforması ilə işləyən smartfonlar yerləşib: onların payı 1 il ərzində 18.3 faizdən 23,0 faizə qədər artıb. Birinci rübdə 35,1 milyon “iPhone” smartfonu  satılıb.
Beləliklə, “Android” və “iOS” hazırda mobil əməliyyat sistemləri bazarının 80 faizdən çox hissəsini tutur.

Reytinqdə üçüncü yerdə qərarlaşan “Symbian” platformasının payı 1 il ərzində təxminən 4 dəfə azalıb: 26,0 faizdən 6,8 faizə qədər. “BlackBerry OS” platforması 2011-ci ilin birinci rübü ilə müqayisədə bazarın 6,4 faizini tutur. “Windows Phone 7” və “Windows Mobile” ilə işləyən qurğuların payı 2,6 faizdən 2,2 faizə qədər azalıb.
 
EMİL





25/05/12    Çap et