Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Azərbaycan 2020: Gələcəyə baxış» - rabitə və informasiya texnologiyaları


Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə «Hilton» otelində «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları bölümünün hazırlanması ilə əlaqədar dəyirmi masa keçirilib.

 Dəyirmi masada çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycanın bu günkü iqtisadiyyatının sürətlə modernləşdiyini bildirib. Modernləşmənin səbəblərini göstərən Əli Əhmədov qeyd edib ki, səbəblərdən birincisi Azərbaycan iqtisadiyyatının keyfiyyəftcə yeni bir inkişaf mərhələsinə çatmasıdır ki, bu mərhələnin sonrakı inkişafı yeni struktur dəyişiklərinin həyata keçirilməsini tələb edir.

«Digər səbəb Azərbaycan iqtisadiyyatının daha qətiyyətlə dünya iqtisadiyyatına inteqrasiya etməsidir. Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu uğurla yerinə yetirən neft amili son illər ərzində ölkəmizdə yeni bir iqtisadi və sosial modelin formalaşmasına gətirib çıxarıb.

Azərbaycanın iqtisadi inkişafı həyatımızın bütün sferalarındakı dəyişikliklər bütövlükdə ölkəmizin yeni bir inkişaf mərhələsinə gəlib çatması təbii ki, bu amilin bilavasitə təsirinin altında baş verib» - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədovun sözlərinə görə, inkişaf elə bir mərhələyə gəlib çatıb ki, sonrakı mərhələnin həyata keçirilməsi çox əhəmiyyətli və müasir tələblərə cavab verən struktur dəyişikliklərinin həyata keçirilməsini çox vacib tələbat kimi qarşıya qoyub.

O qeyd edib ki, bununla əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı çox əhəmiyyətli Sərəncam imzalayıb: «Bu Sərəncamın qarşıya qoyduğu başlıca vəzifə Azərbaycanın gələcək inkişaf perspektivlərinin, o cümlədən də, iqtisadi inkişaf perspektivlərini müəyyənləşdirmək, son illərdə formalaşmış Azərbaycanın iqtisadi inkişaf modelini təkmilləşdirmək, dünya iqtisadiyatına inteqrasiyanı sürətləndirmək üçün daha qabaqcıl, müasir iqtisadi çağırışlara cavab verən iqtisadiyyatın sahələrini formalaşdırmaqdan ibarətdir. Hazırda bu konsepsiya üzərində iş aparılmaqdadır».

 Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizi bu konsepsiyanın hazırlanmasilə əlaqədar aparılan işlərlə tanış etmək niyyəti ilə bu cür dəyirmi masalar keçirir, təqdimatlar aparılır. «Bu gün biz Azərbaycan iqtisadiyyatının aparıcı sahəsinə çevrilməli olan və bu iddianı açıq şəkildə ortaya qoymuş çox vacib sahəsi ətrafında söhbət aparacağıq.

Bu da İKT sahəsidir ki, həm hörmətli Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, həm də bütövlükdə iqtisadi strukturda baş verən dəyişikliklərin ortaya qoyduğu reallıqlardan çıxış edərək deyə bilərik ki, bu sahənin inkişaf potensialı və perspektivləri gələcək Azərbaycan iqtisadi modelinin ümumi görüntüsünün və mahiyyətinin yaranmasında əhəmiyyətli rol oynayır. Təbii ki, İnkişaf Konsepsiyasının əsas sahələrindən biri də məhz İKT-nin sürətli inkişafı təşkil edir. Bu istiqamətdə Azərbaycanda çox böyük layihələr həyata keçirilməkdədir.

Bu layihələrin müəyyən hissəsi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən cəmiyyətə mütəmadi məlumatlar verilir. Bu tədbirimizdə də İKT sahəsində gələcəyə hesablanmış işlərlə bağlı geniş təqdimat olacaq»- deyə YAP Sədrinin müavini vurğulayıb. Dəyirmi masada rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT-nin inkişafı və gələcəkdə bu sahə ilə bağlı həyata keçriləcək layihələr haqqında geniş məlumat verib.

Ə.Abbasov İKT-nin iqtisadiyyatın sürətli irnkişafı üçün böyük təsirə malik olduğunu bildirib.
 Tədbirdə həmçinin, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Milli Məclisin deputatı Asəf Hacıyev, AMEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyev və YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov çıxış edərək ölkəmizdə İKT-nin inkişafı ilə bağlı fikirlərini bildiriblər.





19/06/12    Çap et