Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Dövlət Unversitetinin saytının təqdimatı olub


Naxçıvan Dövlət Universitetində (NDU) ali məktəbin yenilənmiş rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib. http://www.ndu.edu.az/ internet səhifəsi universitetin informasiya-kommunikasiya texnologiyaları (İKT) şöbəsi və “MEQA” MMC şirkəti tərəfindən hazırlanıb.

Bu münasibətlə təşkil olunan tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli müasir dünyamızda informasiya-kommunikasiya texnologiyalarının əvəzolunmaz rolundan, ali məktəbdə bu sahədə həyata keçirilən layihələrdən danışıb.

İ.Həbibbəyli deyib ki, ali təhsil ocağında müasir İKT uğurla tətbiq olunur, universitetin bütün struktur bölmələri müasir kompyuterlərlə təchiz olunmuş və burada tələbələr yüksək keyfiyyətli internet şəbəkəsindən faydalanırlar ki, bu da tədrisin keyfiyyətini daha da artırır. NDU-da təşkil olunan videokonfranslar  universitetin dünyanın aparıcı təhsil müəssisələri ilə inteqrasiya olunması prosesinin uğurla həyata keçirilməsinə xidmət edir.

NDU-nun informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev sayt haqqında məlumat verərək bildirib ki, burada məlumatlar Azərbaycan, ingilis və rus dillərində yerləşdirilmişdir. Saytda universitetin tarixi, struktur bölmələri, mərkəzləri, muzeyləri, tələbə təşkilatları, elmi kitabxanası, elektron kataloq sistemi, elm və təhsil, sosial-mədəni mühitdə baş verən yeniliklər haqqında məlumatlar əldə etmək mümkündür.





22/06/12    Çap et