Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli provayder şirkəti tarifləri endirdi


Azərbaycanın provayder şirkəti “Ailə NET” yeni tarifin tətbiqinə başlayır. Artıq iyul ayının 1-dən etibarən tətbiq olunmuş yeni tarifə əsasən, abonentlər internet şəbəkəsinə digər tariflərlə yanaşı, 2m.bit\s sürətlə də qoşula biləcəklər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Ailə TV” Şirkətlər Qrupunun mətbuat katibi Əlimərdan Sultanov məlumat verib.

Onun sözlərinə görə, internet provayder şirkəti bazarın analizi və eləcə də abonentlər tərəfindən daxil olan təkliflər əsasında yeni tarifin tətbiqinə start verir: “Yeni tarifə əsasən, artıq “Ailə NET” istifadəçiləri 2 m.bit\s internet qoşulmaya görə 15 AZN miqdarında abunə haqqı ödəyəcəklər ki, bu da hazırkı şəraitdə internet bazarında ən əlverişli tarif olacaqdır.

“Ailə TV” abunəçilər üçün isə “Ailə NET” daha bir yeniliyə imza atıb. Belə ki, yeni qaydaya əsasən, abunəçilər “Ailə TV” və “Ailə NET” xidmətlərini eyni zamanda seçərlərsə, bu zaman 2 m.bit\s internet qoşulmaya görə sadəcə 9 AZN abunə haqqı ödəyəcəklər”.

İyul ayının 1-dən yeni tarifin tətbiqinə start verən şirkət eyni zamanda öz əhatə dairəsini də genişləndirir. Hazırda Bakı və Gəncə şəhərlərində fiber-optik texnologiya bazasında genişzolaqlı yüksəksürətli internet qoşulma tətbiq edən şirkət, Bakı şəhərinin ən böyük rayonlarında Nizami, Xətai, Yasamal və 1-9 Mikrorayonlarda internet qoşulma həyata keçirir.

Bundan başqa bir neçə ay öncə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində də xidmətlərin göstərilməsinə start verən şirkət, burada da öz əhatə dairəsini genişləndirib və şəhərin ən böyük prospekt və küçələri şirkətin əhatə dairəsinə daxil edilib: “Hazırda şirkət bazarda fəaliyyət göstərən internet provayder şirkətləri arasında internet texnologiyaları sahəsində ən son yenilikləri tətbiq edərək abunəçilərə 2m.bit\s-dən 100 m.bit\s qədər limitsiz internet qoşulmanı ən münasib qiymətə təklif edən yeganə şirkətdir”.

Qeyd etmək lazımdır ki, “Ailə NET” Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz regionunda fiber-optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən ilk şirkətdir və internet provayder şirkəti “Ailə TV” şəbəkəsinə daxildir.
 
HƏQİQƏT
 
 





27/06/12    Çap et