Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın Şərqdə növbəti kibercasus?!


"Kasperski Laboratoriyası" və “Seculert” şirkəti Yaxın Şərqdə növbəti kibercasus aşkar ediblər. Bu gün hər iki şirkət Yaxın Şərq regionunda məxfi informasiyanın “oğurlanması” məqsədi ilə bir sıra istifadəçilərə məqsədyönlü hücumların edilməsi üçün nəzərdə tutulmuş “Madi” ziyanverici proqramı ilə bağlı tədqiqat nəticələrini təqdim ediblər. Troyanın yayılması və “qurban”ların kompyuterlərini yoluxdurmaq üçün sosial mühəndislik metodlarından istifadə olunub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "Kasperski Laboratoriyası" və “Seculert” şirkətinin ekspertləri sinkhole marşrutlayıcısından istifadə etməklə “Madi” idarə serverlərinə nəzarət təyin ediblər.

Bunun nəticəsində İran, İsrail və dünyanın bir sıra digər ölkələrində son 8 ay ərzində kibercinayətkarların komanda serverlərinə qoşulmuş 800-dən çox “qurban” müəyyənləşdirmək mümkün olub. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, hücumun əsas hədəfi İran və İsrailin kritik əhəmiyyətli infrastruktur layihələrinin hazırlanması ilə əlaqəsi olan insanlardır.

Məlumat üçün bildirək ki, “Madi” troyanı sayəsində kibercinayətkarlar “Windows” əməliyyat sistemi ilə işləyən və virusa yoluxmuş kompyuterlərdə yerləşən fayllara uzaqdan çıxış əldə edə bilirlər.

Hakerlər elektron poçtu, ani mesajları ələ keçirə, mikrofonu qoşa, klaviaturadakı düymələrin sıxılmasını izləyə, həmçinin “qurban”ın iş stolunun ekran görüntülərini çəkə bilərlər. Ekspertlərin məlumatına görə, “qurban”ların kompyuterlərindən ələ keçirilmiş məlumatların həcmi qiqabaytlarla hesablanır.
 
EMİL





18/07/12    Çap et