Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aznet”də peşəkar media təhlili ilə məşğul olan ilk portal fəaliyyətini bərpa edib


Azərbaycan İnternet məkanında peşəkar media təhlili ilə məşğul olan ilk portal – "mediamazar.com" uzunmüddətli fasilədən sonra yenidən öz fəaliyyətini bərpa edib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə layihənin rəhbəri Azər Nəzərov məlumat verib.

Onun sözlərinə görə, "Mediamazar" layihəsi yerli medianı tənqid etmək məqsədi ilə yox, daha çox mediada işıq üzü görən materialların peşəkar təhlili məqsədi ilə yaradılıb. Portalın əvvəlki fəaliyyətinin sınaq əhəmiyyətli olduğunu deyən koordinator  əlavə edib:  "Bu portal yaxın gələcəkdə jurnalistikaya dair ətraflı məlumatları özündə əks etdirəcək.

Belə ki, artıq portalda "Tövsiyələr" bölməsi də fəaliyyətə başlayır və bu bölmədə ölkənin aparıcı jurnalistləri material hazırlığı zamanı qarşılaşılması mümkün olan müxtəlif vəziyyətlərlə bağlı öz tövsiyələrini digər həmkarları ilə bölüşürlər".

Eyni zamanda, portala "Mediaya dair iş elanları", "Təlim və təhsil, "Media qonaq" bölməsi də əlavə olunub. "Media qonaq" bölməsində hər həftə bir uğurlu karyeraya malik media nümayəndəsi ilə tanıdıcı müsahibə  təşkil olunacaq və onlar öz təcrübələrini həmkarları ilə bölüşəcəklər. Həmçinin, tezliklə "mediamazar.com"-da  "İnformasiya sorğusu nümunələri" və "Hüquqi yardım" bölmələri də fəaliyyətə başlayacaq.
Layihə rəhbərinin sözlərinə görə, o, layihənin qısa müddət ərzində yerli media nümayəndələrinin tez-tez baş çəkəcəyi portal olacağına inanır.

Çünki  bu portal məhz elə media əhlinin fəaliyyəti nəticəsində zənginləşir. Azər Nəzərov hər bir həmkarımızın özünün uğur hekayəsini "mediamazar.com"-la bölüşə biləcəyini də vurğulayıb: "Portal sınaq müddətində olan zaman materialları "Mediamazar" üçün yalnızca mən təhlil edirdim.

Sevindirici haldır ki, bu sınaq müddətində bir çox həmkarımız da bu portalın fəaliyyətinə maraq göstərərək rastlaşdıqları jurnalistika prinsiplərinin pozuntusuna dair  təhlil etmək istəklərini bizə bildirirdilər. Buna görə də artıq yeni "Mediamazar"da oxucularımız digər həmkarlarımızın da təhlillərini görəcəklər.

"Mediamazar.com" fəaliyyətini sosial şəbəkələrdə də geniş təşkil etmək fikrindədir. Artıq oxucular "Mediamazar"ı "facebook.com/mediamazar"  və "twitter.com/mediamazar" vasitəsi ilə də izləyə bilərlər". Layihə rəhbəri bütün media əhlini rastlaşdıqları jurnalistika qeyri-peşəkarlıq nümunələrini "mediamazar.com" portalı ilə bölüşməyə də səsləyib.
 
HƏQİQƏT






26/07/12    Çap et