Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DQMK-nin internet saytının “onlayn müraciət forması” bölməsinə əlavələr edilib


Dövlət qulluğuna qəbula dair 2012-ci il 7, 14, 17 avqust tarixlərdə elan edilmiş müsabiqələrlə bağlı daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2012-ci ildə ali təhsil müəssisələrini bitirib hazırda diplom əldə etməyən vətəndaşların müsabiqədə iştirakının təmin edilməsi barədə qərar qəbul edilib.

 “ICTnews” elektron xəbər xidmətinin DQMK-ya istinadən verdiyi məlumata görə, bununla bağlı olaraq komissiyanın internet saytının “onlayn müraciət forması” bölməsindən istifadə edilərək elektron müraciət forması doldurularkən “ali təhsil” bölməsinin “2012-ci ilin məzunuyam” hissəsi aktiv edilməlidir. Kağız daşıyıcılar vasitəsilə müraciət edən vətəndaşlar isə müraciət formasının ali təhsil ilə bağlı diplom məlumatlarına aid olan bölməsini boş saxlamalıdırlar.

 2012-ci ildə ali təhsil müəssisələrini bitirib hazırda diplom əldə etməyən vətəndaşların müraciətləri komissiyanın sorgusu əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yoxlanılacaq. Yoxlama nəticəsində 2012-ci ildə ali təhsil müəssisələrini bitirdikləri təsdiq olunan vətəndaşların namizədlikləri qeydə alınacaq və bu barədə həmin şəxslərin qeydə alınmış elektron poçt ünvanlarına bildirişlər göndəriləcək.

CAHANGİR





31/08/12    Çap et