Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Anna Frankın gündəliyi" mobil tətbiq kimi istifadəyə veriləcək


“Viking Press” nəşriyyatı “TradeMobile” şirkəti ilə birgə Anna Franka həsr edilmiş mobil tətbiq istifadəyə verəcək.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mobil tətbiqə Anna Frankın gündəliyindən britaniyalı aktrisa Helen Bonem Karter tərəfindən səsləndirilmiş fraqmentlər daxil ediləcək. Bundan əlavə, ona foto və videoyazılar, Anna Frank Fondunun arxivindəki sənədlər, Amsterdamda yerləşən binanın planı daxil ediləcək. Anna ailəsi ilə birgə nasistlərdən bu binada gizlənib.

“Anne Frank App” adlı mobil tətbiq oktyabrın 18-də istifadəyə veriləcək. Proqramın interfeysi ingilis dilində olacaq. “Anne Frank App” tətbiqinin hansı platformalarda əlçatan olacağı hələ ki  dəqiqləşdirilmir.

Anna Frank 1929-cu ildə Almaniyada doğulub. Ölkədə yəhudilərə qarşı təqiblər başlandıqda Anna ailəsi ilə birlikdə Hollandiyaya getdi. 1942-ci ildə Frank ailəsinin üzvləri və bir neçə insan nasistlərdən Amsterdamda yerləşən evdəki gizli otaqlarda gizləndilər. Lakin 1944-cü ildə gestapoçular xəbərçilik nəticəsində onları aşkar etdilər. Onlar həbs düşərgələrinə sürgün edildilər. Yalnız Otto Frank sağ qaldı.

Anna Amsterdamda yerləşən binada gizlənərkən öz və yaxınlarının həyatını gündəliyə yazırdı. Həbs edildikdən sonra gündəliyi Frank ailəsinin yaxını saxlamış və sonralar onu Annanın atasına verib. Gündəlik ilk dəfə 1947-ci ildə dərc edilib. O, hazırda dünyanın 60-dan çox dilinə tərcümə edilib.
 
EMİL





04/09/12    Çap et