Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İntel 43 yaşını qeyd edir


18 iyul 1968-ci ildə Robert Noys və Qordon Mur tərəfindən əsası qoyulan məşhur “İntel” şirkəti bu gün 43 yaşını qeyd edir. Fərdi kompyuterlər üçün mikroprosessorların hazırlanması sahəsində dünyada ən iri şirkətlərdən birinə çevrilən “İntel”in məhsulları bu gün kompyuter istehsalçıları bazarında geniş yayılmaqdadır. Bu şirkətin yaranma tarixinə ekskursiya etmiş olsaq, maraqlı inkişaf tarixçəsinin şahidi olarıq.
Belə ki, 1958-ci ildə müxtəlif yerdə yaşayan 2 alim praktiki olaraq inteqral sxemin eyni modelini icad edib. Onlardan biri – Cek Kilbi "Texas İnstruments"-də çalışır, digəri – Robert Noys isə yarımkeçiricilər istehsal edən "Fairchild Semiconductor Corporation" kompaniyasının sahibi idi. Maraqlıdır ki, eyni vaxtda hər iki alimi eyni sual düşündürürdü: "Kiçik bir hissədə çoxlu komponenti necə yerləşdirmək olar?" Həmin vaxtlar tranzistor, rezistor, kondensatorlar və digərləri platalarda ayrıca yerləşirdi və alimlər onları yarımkeçirici materialdan olan tək monolit kristalda birləşdirərək yoxlamağı qərara aldılar. 1958-ci ildə Kilbi ilk inteqral sxemin işlək modelini təqdim etdi:
Modelin görünüşü bir qədər qorxulu idi. Kilbi sonralar dəfələrlə qeyd etmişdi ki, əgər o bilsəydi ki, sonralar bütün informasiya texnologiyaları bu qurğuda yerləşəcək, sözsüz ki, onu görünüşcə daha yaxşı hazırlayardı. İlk model 1 tranzistor, bir neçə rezistor və kondensatordan ibarət idi. Kilbi mikrosxem üçün germaniumdan istifadə etmişdi.
Cek Kilbi yarım ildən sonra, 1959-cu il 6 fevralda təqdim etdiyi patent ərizəsində yeni qurğu haqqında məlumat verirdi. Bu qurğuda yarımkeçirici materialdan olan obyektdə elektron sxemin bütün komponentləri tamamilə inteqrasiya edilmişdir. 2000-ci ildə Cek Kilbi fizika sahəsindəki ixtirasına, daha dəqiq inteqral sxemin ixtira edilməsindəki zəhmətinə görə Nobel mükafatı aldı. Lakin məqalənin əvvəlində qeyd edildiyi kimi, Kilbi inteqral sxemi ixtira edən yeganə alim deyildi. Məhz Robert Noys inteqral sxemin yaradılmasında silisiumdan istifadə etməyi fikirləşmişdi. Və o, inteqral sxemi yaratmaq üçün öz ideyasını irəli sürmüşdü.
1959-cu ildə hər iki alim ayrı-ayrılıqda ixtiralarına görə patent aldılar. “Fairchild Semiconductor” və “Texas İnstruments” arasında qarşıdurma başlandı. Lakin nəticədə sülh müqaviləsi bağlandı. 1961-ci ildə "Fairchild Semiconductor Corporation" kompaniyası çipləri satışa çıxardıqdan sonra onları kalkulyator və kompyuterlərin istehsalında istifadə etməyə başladılar. Çiplərin istehsalı məhsuldarlığın artmasına və qurğuların ölçülərinin əhəmiyyətli dərəcədə kiçilməsinə səbəb oldu.






18/07/11    Çap et