Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tullantıların idarəolunması sahəsində ən effektiv texnoloji həll yolları araşdırılıb


Tullantıların idarəolunması dünya ölkələrinin diqqət mərkəzində duran mühüm məsələlərdəndir. Məhz bu səbəbdən 17-19 sentyabr tarixlərində dünyanın bir çox ölkələrinin hökumət nümayəndələri, elm xadimləri, tullantıların idarəolunması sahəsində aparıcı şirkətlərin nümayəndələri  tullantıların idarəedilməsi sənayesinin effektivliyini müzakirə etmək məqsədilə İtaliyanın Florensiya şəhərində keçirilən Beynəlxalq Bərk Məişət Tullantıları Konqresinə toplaşıblar. Konqresin əsas müzakirə obyekti bu yaxınlarda keçirilmiş RİO+20 Sammitində qaldırılan inkişaf etmiş ölkələrdə tullantıların idarəolunması sahəsindəki böhran, ən effektiv texnoloji və siyasi həll yolları olub.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən bildirilib ki, hər bir qitədən 900-dən artıq nümayəndə tullantıların idarəolunması sahəsindəki irəliləyişlərlə  tanış olmuş və bu sahədəki nailiyyətlərini bölüşmüşlər.

Müxtəlif ölkələrdən 245 məruzəçi tullantıların idarəedilməsi sahəsində təcrübə və fikirlərini iştirakçılarla paylaşmışlar. Akademiklər tədqiqatlarının və araşdırmalarının nəticələri haqqında məlumat vermiş, sənaye spikerləri isə texnologiya və yeniliklərini nümayiş etdiriblər.

Tədbirdə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə tullantıların idarəolunması sahəsinin inkişafı haqqında məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda bu sahədə görülən işlər, "Təmiz Şəhər" ASC-nin həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib. Qeyd olunub ki, tullantıların düzgün idarəedilməsi sisteminin yaradılması məqsədilə müasir standartlara uyğun poliqonun qurulması, ildə 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231 milyon kvt/s enerji istehsal edəcək zavod və illik 200 min ton gücə malik tullantıların çeşidlənməsi zavodlarının tikintisi üzrə işlər yekunlaşmaq üzrədir.

Belə ki, hazırda tikintisi başa çatmaqda olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda innovativ və müasir texnologiyalar, eləcə də ətraf mühitin mühafizəsi üçün çoxpilləli filtr sistemi istifadə olunacaq. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərə tam cavab verəcək. Eko-Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər, nəzərdə tutulan tədbirlər və Azərbaycanda yaşıl biznesin inkişaf imkanları barədə də tədbir iştirakçılarına geniş məlumat verən Z.İbrahimov tullantıların idarəedilməsi sahəsində Azərbaycan təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb.
 
HƏQİQƏT





21/09/12    Çap et