Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

GUAM kibertəhdidlərə qarşı mübarizə aparacaq


BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilat olan GUAM-a üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 18-ci iclası keçirilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, iclasda Azərbaycan Xarici işlər naziri E.Məmmədyarov, Gürcüstanın Xarici işlər naziri Q.Vaşadze, Ukrayna Xarici işlər naziri K.Qrişenko, Moldovanın ABŞ-dakı Fövqəladə və səlahiyyətli səfiri İ.Muntyanu və GUAM-ın Baş katibi V.Çeçelaşvili iştirak ediblər.

Tərəflər iclasın gündəliyinə uyğun olaraq bir sıra məsələləri müzakirə ediblər. Bu zaman «BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinin 35-ci bəndinə uyğun olaraq GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Xarici İşlər Nazirləri Şurası BMT Baş Assambleyasının növbəti sessiyasında “BMT və Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat olan GUAM arasında əməkdaşlıq” adlı qətnamə layihəsinin irəli sürülməsi barədə razılığa gəlinib.

XİNŞ GUAM Parlament Assambleyasının növbəti iclasının cari ilin 19-20 dekabrında Bakıda keçirilməsinə dair qərar qəbul edilib. Üstəlik, XİNŞ kibertəhdidlərə qarşı mübarizə, nüvə təhlükəsizliyi, kütləvi tədbirlər zamanı təhlükəsizlik kimi yeni sahələrdə əməkdaşlıq təşəbbüslərini dəstəkləyib.

Eləcə də, XİNŞ Nəqliyyat üzrə İşçi Qrupuna tövsiyə edib ki, GUAM nəqliyyat dəhlizinin inkişafı üçün konsepsiyanın qəbul edilməsi məqsədilə bu sahənin məsul qurumlarının rəhbərlərinin görüşünü təşkil etsin. İclasda son müzakirə olunan məsələ isə XİNŞ GUAM-Yaponiya arasında əməkdaşlığa dair proqramın layihəsi olub ki, bu istiqamətdə də tərəflər arasında razılıq əldə olunub.   

SEYMUR





28/09/12    Çap et