Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təklif: «İnternetdə dil bazası yaradılsın»


Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) «Dövlət və dil: reallıq, perspektivlər» mövzusunda "dəyirmi masa" keçirilib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə SAM-dan məlumat verilib. SAM-ın direktoru Fərhad Məmmədov tədbirdə bildirib ki, müzakirələr dövlət başçısının «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» ilə bağlı sərəncamına uyğun olaraq keçirilir. "Dəyirmi masa"da səsləndirilmiş fikir və təkliflər sistemləşdirilərək Prezident Administrasiyasına təqdim olunacaq.

SAM-ın direktor müavini Gülşən Paşayeva deyib ki, polietnik cəmiyyətlərdə dil olduqca mühüm rola malikdir: "Bəzən həmin cəmiyyətlərdə rəsmi dil deklorativ şəkildə müəyyənləşdirilsə də, çox zaman onun qaydalarına riayət edilməsində problem yaranır. Xüsusilə də kargüzarlıq işlərində dövlət dilinin qaydalarına əməl olunmasına riayət edilmir".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı Buludxan Xəlilov Azərbaycan dilinin tarixi inkişaf prosesindən və ictimai-siyasi həyatda tətbiqindən danışıb. KİV-də Azərbaycan dilinin tətbiqinin ürəkaçan səviyyədə olmadığını deyən B.Xəlilov bu istiqamətdə müəyyən işlərin görülməsini, eləcə də orfoqrafiya lüğətlərinin hazırlanmasını, internetdə dil bazasının yaradılmasını təklif edib.

Mili Teleradio Şurasının üzvü Qafar Cəbiyev isə çıxışında mediada dövlət dilindən istifadə sahəsində qüsurların olduğunu vurğulayıb: «Bir il əvvəl efirin 10% dövlət dili ilə olması barədə MTRŞ qərar qəbul etdi. O zaman bizə müəyyən istiqamətlərdən hücumlar da oldu. Lakin bu gün efir 100% dövlət dilindədir».

SEYMUR





17/10/12    Çap et