Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkənin yüksəksürətli internetlə təmin olunması üçün investisiya layihəsi hazırlanıb


Paytaxtın və eləcə də ölkəmizin bütün regionlarının yüksəksürətli internetlə təmin olunmasına dair investisiya layihəsi hazırlanıb. Hazırda Azərbaycanda optik kabellərin çəkilişi ilə bağlı yeni investisiya layihəsi üzərində iş aparılır.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev bildirib. Şöbə müdiri qeyd edib ki, sözügedən layihənin 3 il ərzində ölkədə tətbiqi nəzərdə tutulur və evlərə optik kabellərin çəkilişi planlaşdırılır. Onun sözlərinə görə, bu iş başa çatdırıldıqdan sonra regionlarda internetin sürəti 10-12 meqabit, Bakıda isə 30 meqabitdən çox olacaq.

Azərbaycanda son 5 ildə İKT sektorunun 6 dəfə genişləndiyini vurğulayan İ.Əliyev deyib ki, bu sektorda məhsul istehsalı isə 5 dəfə artıb. Beynəlxalq Kommunikasiya Təşkilatının hesabatlarında da Azərbaycanın İKT üzrə ən çox inkişaf edən ölkələr arasında göstərildiyini önə çəkən İ.Əliyevin sözlərinə görə, son illərdə mobil sektorda da inkişaf nəzərə çarpır. Şöbə müdirinin bildirdiyinə görə, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür: «4G"-nin tətbiqi üzərində işlər sürətlə aparılır. Dövlət orqanlarının elektron xidmətdən istifadəsi artıb. Nazirlər Kabinetinin son məlumatına görə, hazırda 42 dövlət orqanı tərəfindən 420 elektron xidmət göstərilir».

Azərbaycanda İKT sahəsində müəyyən qədər problemlərin də mövcud olmasını vurğulayan İ.Əliyevin sözlərinə görə, həmin problemlər əsasən kənd yerlərində yüksəksürətli internetin çatışmaması ilə bağlıdır. Lakin bu problemlərin həlli istiqamətində müəyyən addımların atıldığını deyən şöbə müdiri onu da əlavə edib ki, hazırda Azərbaycan regionlarının 35 faizində yüksəksürətli internet xidməti göstərilir.

SEYMUR





31/10/12    Çap et