Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkətinin vitse-prezidenti Vinton Sörf: «Azərbaycan İKT sektorunda inkişafın düzgün yolunu seçib»


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə Bakıda səfərdə olan «Google» şirkətinin vitse-prezidenti Vinton Sörfün iştirakı ilə mətbuat konfransı keçirilib.
 
Tədbirdə V.Sörf Bakıda keçirilən İnternet İdarəçilik Forumundan (IGF) danışıb, bu tədbirin əhəmiyyətini vurğulayıb və bildirib ki, analoji tədbirlər Azərbaycanın bu sahədə inkişafına təkan verəcək. Bakıya səfəri çərçivəsində bir sıra görüşlərin, o cümlədən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüş keçirdiyini bildirən V.Sörf qeyd edib ki, nazirlə görüşdə bir sıra aktual məsələlər, həmçinin ölkənin İKT sektorunun inkişafı, mövcud vəziyyəti və perspektivlər, Azərbaycanla «Google»-un əməkdaşlığı, Azərbaycanda İKT sahəsini inkişaf etdirmək üçün peşəkar mütəxəssislərin hazırlanması və s. aspektlər müzakirə olunub.
 
Noyabrın 6-9-da Bakıda keçirilən beynəlxalq internet forumunun əsas mövzularından olan internetdən istifadə və fikir azadlığından danışan V.Sörf bildirib ki, fikir azadlığı mühüm bir dəyərdir və Azərbaycan fikir azadlığına böyük diqqət yetirir: «Biz Azərbaycanda fikir azadlığının inkişafı üzrə müşahidələrimizi davam etdirəcəyik».
 
İnternet xidmətlərindən hər bir kəsin yararlanması üçün şəraitin yaradılmasının vacibliyini söyləyən V.Sörf Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib: «İnternet xidmətlərindən hər bir şəxsin istifadəsi üçün şərait yaradılmalıdır. Buna qadağa qoymaq insan haqlarının pozulması deməkdir».
 
V.Sörf həmçinin Azərbaycan hökumətinin İKT sektoruna diqqətini yüksək qiymətləndirib: «Hesab edirəm ki, Azərbaycan inkişafın düzgün yolunu seçib».
 
V.Sörf Cənubi Qafqaz regionunda «Google»-un ofisinin açılmasına toxunaraq qeyd edib ki, ofisin Azərbaycanda açılması istisna olunmur: «Biz dünyanın hər bir yerində olmaq istəyirik. Mən Azərbaycanın potensialını «Google»-un rəhbərliyinə çatdıracağam».





08/11/12    Çap et