Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elnur Aslanov: “Azərbaycanda internetdən azad istifadənin şərtləri təmin edilib”


İnternetə nəzarətlə bağlı hər hansı bir addımın atılması heç vaxt səmərə verməyəcək.
Bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

O qeyd edib ki, Azərbaycanda internetdən azad istifadənin şərtləri təmin edilib, vətəndaşların fəaliyyət imkanları genişlənib:“Bu gün əhalinin 65 faizi internetdən istifadə edir, 1 milyondan artıq insan “Facebook” istifadəçisidir, digər sosial platformaların istifadəçilərinin sayı isə günbəgün artır”.

Onun sözlərinə görə, ölkədə və mobil operatorlarda internetdən istifadə qiymətləri kifayət qədər aşağıdır:
“Bu göstəricilər Azərbaycan dövlətinin liberal mahiyyətini göstərməklə yanaşı, əhalinin internetə çıxışının təmin edilməsinin, onların məhdudiyyətsiz internet imkanlarından azad şəkildə istifadə etməsinin bariz nümunəsidir.

İnternet sahəsində azadlıq və şəffaflıq Azərbaycan Respublikasının qanunvericiliyinə və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə uyğun olaraq təmin edilir.
İnternetdə aparılan fikir mübadiləsi, məlumatları paylaşması vətəndaşların ifadə azadlığından daha geniş müstəvidə istifadə etməsi anlamına gəlir. Bunların hamısı açıq və şəffaf şəkildə həyata keçirilir”.

Elnur Aslanov qeyd edib ki, BMT-nin təşkil etdiyi İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi isə Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlərin beynəlxalq tərəfdaşlarla paylaşmasına imkan verir:“Eyni zamanda belə forumlar vasitəsilə biz yeni ideyalar, mexanizmlər, e-demokratiyanın Azərbaycanda təkmilləşdirilməsi yollarını müzakirə edirik. Belə olan halda Azərbaycanda internetə dövlət nəzarətinin mövcudluğunu iddia etmək boş cəfəngiyatdan başqa bir şey deyil.

Kiminsə fikir və mülahizələri onun subyektiv düşüncəsidir və qərəzli mövqedən qaynaqlanır, Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyır. Bu, əlbəttə, çox təəssüfləndirici haldır. Azərbaycanın üzləşdiyi problemləri gündəmə gətirmək əvəzinə, yalan və təhrif edilmiş məlumatların yayılmasına rəvac vermək heç bir məntiqə sığmır.

Hər şeydən öncə bilmək lazımdır ki, internetə nəzarətlə bağlı hər hansı bir addımın atılması heç vaxt səmərə verməyəcəkdir. Yeni texnologiyaların inkişafı məhdudiyyətləri aşmağa imkan verir”.

PA rəsmisi bildirib ki, Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri Avropa institutlarına inteqrasiyadır:“Bu inteqrasiya daha geniş xarakter daşıyır və Azərbaycan vətəndaşlarının hərtərəfli inkişafının təmin edilməsini, onların Avropa ölkələrinin vətəndaşları kimi bütün imkanlarından istifadə etmək bacarığına malik olmasını şərtləndirir. İnkişaf anlayışı ilk növbədə insanın imkanları ilə ölçülür.

Bunu nəzərə alaraq dövlət insan kapitalının inkişaf etdirilməsini əsas strateji məqsəd kimi təyin edib. Bu isə insanların texnoloji tərəqqinin bütün nailiyyətlərini tam mənimsəməsini şərtləndirir. Azərbaycan insan kapitalının formalaşması çərçivəsində vətəndaşların məhdudiyyətsiz internetdən istifadəsini təmin edir və edəcək.

Bu, cənab prezidentin müəyyənləşdirdiyi prioritet istiqamətdir və Azərbaycanın gələcək inkişafının təməlidir”.





08/11/12    Çap et