Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"İnternet Banking" xidmətindən necə və nə üçün istifadə olunmalıdır?


"İnternet Banking" xidməti artıq Azərbaycanda geniş yayılan xidmətlərə daxil olub. Bu xidmət istifadəçilərə vaxtına qənaət etmək, onlara (istifadəçilərə ) evdən və ya ofisdən çıxmadan öz kart və ya cari hesabını idarə etmək imkanı verir. “Banker.az”-dan «ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, bu sistem vasitəsilə günün 24 saatı bir sıra əməliyyatlar aparmaq mümkündür.

Sözügedən əməliyyatlara plastik kart və ya cari hesabın balansının yoxlanılması, kartlar haqqında ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın və ya cari hesabınızın hesabında mövcud olan vəsaitin məbləği) əldə edilməsi, kartınız ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi, sizin kart və ya cari hesabınız üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında ətraflı məlumatla çıxarışların tərtib edilməsi, kommunal xidmətlərin, elektrik enerjisindən istifadə haqqının ödənilməsi, mobil telefon rabitəsindən istifadəyə görə haqqının ödənilməsi (Azercell, Bakcell, NarMobile), “KartTransfer” xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi, internet (ADSL) xidmətlərinin ödənilməsi (Azeronline), stasionar rabitə haqlarının ödənilməsi (Aztelekom) və digər ödəmələr  daxildir.

"İnternet Banking" istifadəçisi olmaq üçün ATM şəbəkəsindən və həmçinin, internet şəbəkəsinə qoşulmuş kompüterdən istifadə edilə bilər. Banka müraciət etmədən sistemə qoşulmaq mümkündür. Sistemə bir neçə üsul ilə qoşulmaq olar ki, qoşulmaq üçün elektron bank kartın mövcudluğu və birdəfəlik parollar lazımdır. Birdəfəlik parol dedikdə, müştəri (kartın sahibi) tərəfindən əməliyyatın təsdiq edilməsi üçün istifadə edilən xüsusi gizli koddur. Hansı ki, təhlükəsizliyiniz üçün tətbiq edilir ki, istifadəçidən başqa heç kəs onun pul vəsaitindən istifadə edə bilməsin.

Birdəfəlik parolları əldə etmək üçün “AzəriKard” prosessinq mərkəzində xidmət olunan istənilən bankın bankomatından istifadə etmək mümkündür. Birdəfəlik parolları əldə etmək üçün kartı bankomata daxil etmək və PİN-kodu yığmaq lazımdır. Əsas menyuda “Xidmətlər” və buradan da “İB parol siyahı” bölməsini seçmək vacibdir. Bundan sonra bankomat parolların siyahısını çap edəcək.

Birdəfəlik parolları “İnternet Banking” sistemində təkcə sistemə qoşulmaq üçün yox, həm də sistemdə bəzi əməliyyatların təsdiq edilməsi üçün istifadə etmək mümkündür (məsələn, kartdan karta KartTransfer pul köçürmələri). Əldə edilən kodların (birdəfəlik parolların) hər biri yalnız bir dəfə istifadə edilə bilər və təkrar istifadə üçün yararsızdır. Əgər istifadəçi bütün parolları istifadə etsəniz, həmin birdəfəlik parolların yeni siyahısını əldə etmək olar. Əgər birdəfəlik parollar siyahısı itirilsə, sadəcə həmin kart vasitəsilə yeni siyahı əldə edilməlidir ki, bu vaxt əminlik yaranacaq ki, itmiş parolları heç kəs istifadə edə bilməyəcək.

Yeni istifadəçinin qeydiyyatı açmaq istədikdə bankomatda parollar siyahısını əldə etmək üçün istifadə edilən ödəmə kartının nömrəsini “İnternet Banking” sisteminin internet səhifəsində “Yeni istifadəçinin qeydiyyatı” bölməsinə daxil olunmalı və birdəfəlik parol vasitəsilə qeydiyyat növü seçilməlidir. Bundan sonra öyrətmələri izləyərək, birdəfəlik parol (yalnız böyük latın hərflərini və rəqəmləri istifadə etmək lazımdır) və sistem tərəfindən tələb edilən nömrə daxil edilməlidir, istifadəçi adı (loqin) və parol fikirləşib seçilməlidir. Bu loqin və parol vasitəsilə istifadəçi gələcəkdə sistemə daxil ola biləcək. Şəxs tərəfindən yaradılan login və parol gizlidir və yalnız istifadəçiyə məlum olmalıdır.

“İnternet Banking” sistemindən silinmək (qeydiyyatı ləğv etmək) üçün karta xidmət göstərən bankın filialına müraciət etmək lazımdır. Bankın filialında müraciət əsasında qeydiyyat sistemdən silinəcək.

SEYMUR





12/11/12    Çap et