Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Apple" şirkətinə "Twitter"-i satın almağı tövsiyə ediblər


"Apple"-ın sabiq-əməkdaşı Patrik Qibson onlayn xidmətləri bu şirkətin əsas problemi kimi göstərib. "Apple şirkətinin internet sahəsində həyata keçirdiyi demək olar ki bütün layihələr rüsvayçılıqdır" - o yazıb. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Qibson öz fikrini "Apple" şirkətinin indiyə qədər öz internet mağazasını yeniləyə bilməməsi ilə əsaslandırıb.

"Apple"-ın əsas rəqibi "Google" isə öz əməliyyat sistemini davamlı şəkildə təkmilləşdirir. "Android" platformasının son versiyaları "iOS" paltformasına daha da yaxınlaşıb: dizayn təkmilləşdirilib, "Google Now" köməkçisi, çoxistifadəçili rejim əlavə edilib, simsiz ekranlar dəstəklənir və sairə. "Android əvvəlki kimi pis görünür, lakin bir neçə illə müqayisədə bir qədər yaxşıdır" - Qibson hesab edir.

Onun fikrincə, "Apple" şirkəti "Twitter" xidmətini satın almaqla bu problemləri həll edə bilər. Şirkətin "Ping" sosial şəbəkəsi uğursuz alınsa da, bununla belə "Apple" öz xidmətlərinə sosial elementlər əlavə edə biləcək və eyni zamanda digər layihələrin həyata keçirilməsi üçün istedadlı veb tərtibatçılar komandasına sahiblənəcək.

Qibson, həmçinin qeyd edib ki, "Twitter" də "Apple" kimi eyni prinsiplərin (istifadə rahatlığı və sadə dizayn) tərəfdarıdır.

EMİL




26/11/12    Çap et