Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda keçirilmiş VII İnternet İdarəçilik Forumunun nəticələri müzakirə olunub


Cari ilin 6-9 noyabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş VII İnternet İdarəçiliyi Forumunun (İİF) yekunlarına həsr olunmuş konfrans  keçirilib.

Konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət, imzaladığı fərman və sərəncamlar sayəsində ölkə iqtisadiyyatının bütün sahələri üzrə, o cümlədən də informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda sürətli və dinamik inkişafa nail olunduğunu bildirib. Məhz bu inkişafın Azərbaycanın İİF kimi mötəbər, beynəlxalq  tədbirlərə ev sahibliyi etməsinə yol açdığını qeyd edən nazir “Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması” mövzusunda təşkil olunan foruma BMT baş katibinin iqtisadi və sosial işlər üzrə müavini Vu Honqbo, Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti Neelie Kroes, Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehade, Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture ilə yanaşı, 128-dək ölkəni təmsil edən 1600-dən çox iştirakçının qatıldığını, dünyanın müxtəlif ölkələrindən 2 mindən çox onlayn, həmçinin Azərbaycandan qoşulan 1200-dən artıq yerli iştirakçı da daxil olmaqla, ümumilikdə İKT həftəsi çərçivəsində keçirilən tədbirlərin 5 mindən artıq insanı öz ətrafında cəmləşdirdiyini vurğulayıb.

İnformasiya Cəmiyyətinin (İC) qurulmasında 2005-ci ildə keçirilən Tunis Sammitinin yeni mərhələ açdığını da xatırladan nazir qeyd edib ki, İKT-nin insan hüquqlarının qorunmasında rolu ilk dəfə məhz bu sammitdə gündəmə gətirilib, 2004-cü ildə Avropa Şurasının yaratdığı xüsusi, müvəqqəti komitədə insan hüquqlarının qorunmasına informasiya texnologiyalarının müsbət təsiri öyrənilərək, bu sahədə Azərbaycan nümayəndə heyətinin RİTN-lə birgə hazırladığı tövsiyələr əsasında İKT-nin insan hüquqlarının qorunmasında rolu ilə bağlı yeni bölmənin açılması üçün AŞPA sammitə müraciət edib və bununla da belə bir mühüm sənədin qəbulunda xüsusi rolu olan Azərbaycan bu gün yalnız özünün informasiya texnologiyaları sektorunun inkişafına deyil, bütövlükdə demokratik cəmiyyətin formalaşmasına öz töhfəsini, ümumilikdə humanitar inkişafa, həmçinin İKT-nin cəmiyyətin demokratikləşməsində olan roluna dəstək verib.

Son zamanlar bütün dünyada informasiya texnologiyaları, xüsusən internetin humanitar inkişafda, insan azadlığının qorunmasında rolunun gücləndiyini deyən nazir Əli Abbasov ölkəmizdə də internet azadlığının təmin edilməsinin vacib amil olmasının Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə bəyan edildiyini diqqətə çatdırıb: “Artıq hamı virtual aləmdə birləşir. Bu gün dünyanın diqqətini cəlb edən əsas məsələ də internetdə insan azadlığının təmin olunmasıdır. Azərbaycanda internet dövlət orqanı tərəfindən idarə olunmur və tənzimlənmir.

Bu gün Azərbaycanda siyasi partiyalar da kifayət qədər informasiya resursları ilə təmin olunub, hətta ən radikal partiyaların belə internet televiziyaları müstəqil fəaliyyət göstərirlər. Azərbaycanın dövlət siyasətini internetdə azadlığın, sərbəst iqtisadi inkişafın təmin edilməsi və insanların internetə sərbəst cəlb olunmasına şərait yaradılması təşkil edir. Buna Azərbaycan hökuməti və dövlət başçısı təminat verir”. 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek isə forumda iştirak edən beynəlxalq qurumların, o cümlədən təmsil etdiyi təşkilatın Azərbaycanda təşkil olunan tədbirin nəticələrindən məmnun qaldığını vurğulayıb: “Gələcəkdə də belə tədbirlərin davam etdirilməsini arzu edir və Azərbaycan hökumətinə öz təşəkkürümü bildirmək istəyirəm”. Bu gün dünyada informasiya-kommunikasiya texnologiyalarının mühüm sahə olduğunu vurğulayan rezident əlaqələndiricisi Azərbaycanda da bu sahənin inkişafı istiqamətində mühüm addımlar atıldığını, bunun nəticəsində sürətli iqtisadi inkişafa nail olunduğunu qeyd edib: “Azərbaycan İKT sahəsində regionda liderdir. Bakıda keçirilən İnternet İdarəçilik Forumu informasiya texnologiyalarının bundan sonrakı inkişaf yollarını müzakirə etməyə imkan verəcək”. 

Tədbirin sonunda İnternet İdarəçilik Forumu və “Bakutel” sərgi-konfransında iştirak edən könüllü təşkilatlar, o cümlədən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, “İrəli” İctimai Birliyi, “Azərin, “HP”, “Sinam”, “AzQtel” və s. kimi özəl qurumlara və ictimai təşkilatlara RİTN adından minnətdarlıq ifadə edilib, könüllü gənclərə sertifikatlar təqdim olunub.





26/11/12    Çap et