Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar internet saytı yenilənib


 "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeniləşdirilmiş internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olunub.

Tədbiri giriş sözü ilə QSC-nin sədr müavini Qurban Nəzirov açaraq saytın yeniləşdirilməsi səbəblərindən danışıb. Sonra Səhmdar Cəmiyyətin Məlumat –Hesablama Mərkəzinin mütəxəssisi Əfqan Məmmədov KİV nümayəndələrinə sayt haqqında ətraflı məlumat verib.

Bildirilib ki, yeni saytda ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun saytlarına keçid var. Bu keçiddən istifadə edərək adı çəkilən saytlara müraciət etmək olar. Ölkə iqtisadiyyatının qan damarı sayılan dəmir yolunun Azərbaycanda istismara verilməsinin 132 illiyi tamam olub.

"Tariximiz" bölməsində dəmir yolunun yaranma tarixi və zəruriyyəti, inkişaf mərhələləri haqqında ətraflı məlumat verilir, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkə dəmir yolunun inkişafına göstərdiyi qayğı nəticəsində əldə olunan uğurlardan, istehsalata tətbiq edilən yeniliklərdən geniş söhbət açılır. Vətəndaşlarımız ən rahat nəqliyyat növü kimi dəmir yolunun xidmətlərindən daim istifadə edirlər.

"Qatarların hərəkət cədvəlləri", "Qatarların hərəkət sxemi" bölmələrində sərnişin qatarlarının hərəkət qrafiki və sxemi haqqında geniş məlumatlar yerləşdirilib.

Ötən ilin noyabrın 21-dən Azərbaycanda ölkə daxilində və respublikadan kənara hərəkət edən sərnişin qatarlarına biletlərin internet şəbəkəsilə, onlayn rejimdə satışına başlanıb. Cari ilin martın 1-dən isə Bakı-sərnişin stansiyasında biletlərin dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq olunub.

Saytın "Onlayn bilet satışı" bölməsinə daxil olmaqla vətəndaşlarımız internet vasitəsi ilə bilet ala bilərlər. Saytda demək olar ki, dəmir yolunun bütün sahələri əhatə olunub.




08/12/12    Çap et