Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lider” TV-nin lisenziya müddəti artırıldı


Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, iclasda regional radioyayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 18 oktyabr 2012-ci il tarixdə elan edilən müsabiqənin nəticələrinə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılıb.

Müsabiqədə 3 iddiaçı - "Kəpəz” Müstəqil Teleradio Şirkəti MMC, "Türkel TV" MMC və "Yevlax TV" MMC iştirak edib.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinə uyğun olaraq müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına və bu gün üçün xüsusilə aktual olan yayım konsepsiyasına malik olduğuna görə "Kəpəz” Müstəqil Teleradio Şirkəti MMC regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə elan edilən müsabiqənin qalibi olduğu bildirilib və ona 6 il müddətinə Gəncə və ətraf ərazilərdə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Həmçinin iclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

SEYMUR




22/12/12    Çap et