Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Belarus Texnologiyaların Transferi Milli Mərkəzi ilə əməkdaşlıq edəcək


Azərbaycan Belarus Respublikasında Texnologiyaların Transferi Milli Mərkəzi ilə əməkdaşlıq edəcək. Artıq ölkəmizlə Texnologiyaların Transferi Milli Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalanıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Fonddan bildirilib ki, memorandumun imzalanması Minsk şəhərində keçirilən "Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Belarus - Azərbaycan biznes forumunda reallaşıb. Tədbirdə Azərbaycan və Belarus tərəfindən rəsmi şəxslərlə yanaşı, İKT, kənd təsərrüfatı, qida sənayesi, tikinti, enerji, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Biznes forumda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb, Belarus iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa və azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbir çərçivəsində AZPROMO ilə Belarusun 4 təşkilatı - Belarus İnvestisiyalar və Özəlləşdirmə Milli Agentliyi, Belarus Ticarət və Sənaye Palatası, Marketinq və Qiymətlərin Konyukturası Milli Mərkəzi, Texnologiyaların Transferi Milli Mərkəzi arasında ayrı-ayrılıqda qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

HƏQİQƏT




24/12/12    Çap et