Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BDYP-nin rəsmi internet səhifəsi vasitəsilə maarifləndirmə işləri aparılır


Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmi internet səhifəsi vasitəsilə cəmiyyətin məlumatlandırılması ilə yanaşı, həm də maarifləndirmə işləri aparılır.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə BDYPİ -dən məlumat verilib. Məlumatda bildirilir ki, yol polisinin "www.dyp.gov.az" saytında istifadəçilər yol hərəkəti sahəsində hüquqi normativ sənədlər, Dövlət Yol Polisinin fəaliyyəti, yol-nəqliyyat hadisələri və onların başvermə səbəbləri, yol hərəkəti və nəqliyyatla bağlı digər məlumatlarla tanış ola bilərlər.

Qurumdan bildirilib ki, saytda həmçinin yol hərəkəti qaydaları, hərəkət iştirakçılarının qaydaların pozulmasına görə məsuliyyətini müəyyən edən qanunvericilik aktları, Dövlət Yol Polisi əməkdaşlarının elmi araşdırmaları, kitab və monoqrafiyaları, məqalələri yerləşdirilib: «Ümidvarıq ki, sayt hərəkət iştirakçılarının maarifləndirilməsinə, yollarda təhlükəsizliyin təmin olunması işinə köməklik edəcək».

Baş Dövlət Yol Polisi sosial şəbəkələrdən istifadə edənlərin sayının çoxluğunu nəzərə alaraq bir sıra sosial şəbəkələrdə səhifələr yaradıb. Buna misal olaraq BDYP «Facebook» səhifəsini göstərmək olar.

Qurumun «Facebook» səhifəsində informasiyaların yayılması ilə bərabər, həm də yol hərəkəti qaydalarının təbliği və maarifləndirilməsi istiqamətində olduqca mühüm işlər görülür. İstifadəçilərə yol hərəkəti ilə bağlı müxtəlif suallar verilir, müzakirələr edilir və sonda düzgün cavablar açıqlanır. Bu sistemin müsbət nəticələr verdiyi də artıq sezilməkdədir.

SEYMUR




14/01/13    Çap et