Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət informasiya ehtiyatı yaradılır


Nazirlər Kabineti “Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib.

“ICTnews” elektron xəbər xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qaydalar nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir.

Nüsxələrinə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestri audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılan nəzarət markalarının verilməsi üçün sənədlər, nüsxələri hazırlayan (istehsal edən) və yayan hüquqi və fiziki şəxslər (hüquqi şəxsin təşkilati-hüquqi forması), nüsxələrin adları, seriyası, nömrəsi və verilmə tarixi göstərilməklə, nəzarət markalarının sayı barədə məlumatları özündə əks etdirən dövlət informasiya ehtiyatıdır.

Dövlət Reyestri Müəllif Hüquqları Agentliyi tərəfindən aparılır. Dövlət Reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız daşıyıcıda tərtib edilən Dövlət Reyestri kitabı cildlənir, hər bir səhifəsi nömrələnir, qaytanlanır və möhürlənir. Dövlət Reyestri hər il üzrə ayrıca tərtib edilir. İl tamam olduqda, bu Qaydaların 12-ci hissəsində göstərilən məlumatların daxil edildiyi səhifələrin sayı və qalan boş səhifələrin sayı, reyestrin aparılmasının başlandığı və həmin il üzrə qurtardığı tarixləri göstərilməklə “Xüsusi qeydlər” nəzərdə tutulan səhifədə Dövlət Reyestrini aparan məsul işçi tərəfindən müvafiq qeyd aparılır. Dövlət Reyestrinə daxil edilən hüquqi və fiziki şəxslərin adları və digər məlumatlar düzgün yazılmalı, reyestr nömrələrinin sıra ardıcıllığına əməl edilməli, göstərilən məlumatlar bütöv verilməli, qeydlər aydın və yığcam olmalıdır.

Dövlət Reyestrində aşkar edilmiş səhv məlumatın (qeydin) üstündən xətt çəkilir və bu Qaydalara uyğun yeni qeydlər yazılır. Yeni qeyddə səhv hesab edilmiş məlumata (qeydə) istinad olunur. Dövlət Reyestri Azərbaycan dilində tərtib edilir. Xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan əlifbası ilə yazılır. Dövlət Reyestri kitabına daxil edilən məlumatlar bu məlumatlar üçün ayrılmış bölməyə yerləşmədikdə, həmin bölməyə əlavə vərəqlər tikilir.

Belə əlavələr edildikdə, reyestri aparan şəxs kitabın “Xüsusi qeydlər” nəzərdə tutulan səhifəsində müvafiq əlavə barədə qeyd yazmalıdır. Dövlət Reyestrinin kağız və elektron daşıyıcılarındakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcıda olan qeydlər əsas götürülür.

Dövlət Reyestri illər üzrə və nüsxələrə yapışdırılmaq üçün nəzarət markalarının verilməsindən sonra istifadəçilər tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada agentliyə təqdim edilən və bu Qaydaların 12-ci hissəsində göstərilən sənədlər və məlumatlar əsasında aparılır. Nəzarət markaları istifadəçiyə verildiyi tarixdən 3 iş günündən gec olmayaraq aşağıdakı məlumatlar agentlik tərəfindən Dövlət Reyestrinə daxil edilir:

- nəzarət markalarının verilməsi üçün ərizənin (sifarişin) agentliyə daxilolma tarixi və qeydiyyat nömrəsi, ərizəçinin (sifarişçinin) adı (fiziki şəxsin soyadı, adı, atasının adı, yaşadığı və olduğu yer), hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, əlaqə telefonları, elektron poçt ünvanları və müraciətin qısa məzmunu;

- nüsxələrin növü, hazırlandığı (istehsal edildiyi) yer (ölkə, şəhər);

- nüsxələrin adları və yazıldığı maddi daşıyıcının növü;

- müəlliflərin (hüquq sahiblərinin), ifaçıların adları; - nüsxələrin kim tərəfindən və nə vaxt hazırlanması barədə məlumatlar; - nəzarət markasının verilməsi barədə qərarın qəbul edildiyi tarix;

- nəzarət markalarının istifadəçilərə təhvil verildiyi tarix, təhvil alan şəxsin adı (sadalanan məlumatlar Qaydaların 12-ci hissəsinə daxildir).

Nəzarət markalarını alan hüquqi şəxs fəaliyyətini dayandırdıqda, yenidən təşkil olunduqda və ya ləğv edildikdə, yaxud məhkəmənin qərarı ilə müflis elan olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hüquqi şəxs yaratdıqda və ya həyata keçirdiyi sahibkarlıq fəaliyyətini dayandırdıqda, bu barədə Dövlət Reyestrinin "Hüquqi varislik" qrafasında müvafiq qeyd yazılır.

Bu qaydaların 12-ci hissəsində göstərilən məlumatlar ictimaiyyət üçün açıqdır. Maraqlı şəxslərin və qanunla səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının müraciətləri əsasında 3 iş günü müddətində Dövlət Reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində verilir. İstifadəçilərin agentliyə təqdim etdikləri sənədin (sənədlərin) saxta olduğu və ya məlumatlarda təhriflərə yol verildiyi müəyyən edildikdə, bu Qaydaların 12-ci hissəsində nəzərdə tutulan məlumatlar Dövlət Reyestrinə daxil edilmir, yaxud daxil edilmiş belə məlumatlar agentliyin sədrinin müvafiq qərarı ilə qüvvədən düşmüş hesab olunur və bu barədə Dövlət Reyestrinin "Məlumatların hüquqi qüvvəsi" qrafasında müvafiq qeyd yazılır.

CAHANGİR




25/01/13    Çap et