Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə olaraq “Instagram”da müsabiqə elan edilib


Azərbaycan təbiətini tanıtmaq, daha da çox sevdirmək və insanlar tərəfindən ətraf mühitə xüsusi diqqət və qayğını artırmaq məqsədilə IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq onlayn foto-paylaşma və sosial şəbəkə xidməti olan “Instagram”da “Təbiətin ən gözəl fotosunu çək, hamımız onu sevək!” devizi altında müsabiqə elan edir.

“ICTnews” elektron xəbər xidmətinin kampaniyaya istinadən verdiyi məlumata görə, müsabiqədə “Instagram” vasitəsilə çəkilmiş Azərbaycan təbiəti və təbiət komponentini özündə əks etdirən bütün fotolar iştirak edə bilər. Bunun üçün “Instagram” istifadəçiləri çəkdikləri fotoları öz səhifələrinə #ideanature “hashtag”-i və “@idea_campaign” tag-i altında cari il, 20 aprel tarixinə kimi yükləməlidirlər. Sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox bəyənilən 3 foto müvafiq olaraq I yer - iPhone 5; II yer - iPad mini və III yer - iPad 2 mükafatları ilə təltif olunacaq. Məlumat üçün bildirək ki, müsabiqədə hər bir iştirakçı tərəfindən yüklənilmiş maksimum 3 fotoşəkil iştirak edəcək.

Çəkilən fotoşəkillərin Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “IDEA Instagram sərgi”sində də iştirakı üçün fotolar həmçinin instagram@ideacampaign.org elektron ünvanına da göndərilməlidir. Xatırladaq ki, “Instagram” əlavəsi “iOS” və “Android” əməliyyat sistemlərində çalışan mobil qurğular tərəfindən dəstəklənir.

CAHANGİR




21/02/13    Çap et