Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sürücülərin nəzərinə: “Qeyri-düzgün parklanmayan avtomobilin kompüterlə şəkli çəkiləcək”


Avtobus dayanacaqlarında avtomobil saxlayanlarla bağlı ciddi tədbirlərə start verilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün “Yol hərəkəti haqqında” qanunla qadağan olunan yerlərdə avtomobilini saxlayan sürücülər barəsində ciddi tədbirlər görüləcək.

Belə ki, dayanma-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində - ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilməklə yanaşı, həm də Patrul Xidməti maşınlarında quraşdırılan “bort” kompüterləri vasitəsilə şəkilləri çəkiləcək və hazırlanmış fotomaterial üzrə protokol tərtib ediləcək.

Şöbə rəisi deyib ki, törədilmiş xəta üzrə cərimə məbləğinin ödənilməsi üçün tərtib olunmuş protokol avtomobilin ön şüşəsinə yerləşdiriləcək. “Göstərilənlərlə əlaqədar sürücülərdən diqqətli olmaları və avtomobilləri icazə verilən yerlərdə düzgün park etmələri xahiş olunur” – deyə, V.Əsədov bildirib.

Qeyd edək ki, artıq aparılan tədbirlər nəticəsində qaydaları pozan sürücülər barəsində 75 protokol tərtib olunub.

RƏVAN




25/02/13    Çap et