Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mitsubishi”nin vitse-prezidenti: “Bazarın tələbatını dəqiqləşdirmək üçün azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlıq etmək istərdik”


Azərbaycan və Yaponiya arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində qurulan münasibətlərin yeni dövrü başlayır. Bu münasibətlərin inkişafında başlanğıc mərhələnin təməlini isə 27-28 fevral tarixlərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı" ("Azerbaijan-Japan Space Sector Workshop") qoydu. Yaponiya Nümayəndə Heyətinə rəhbərlik edən "Mitsubishi Electric Corporation"ın böyük vitse-prezidenti Takashi Sasakava yapon-Azərbaycan münasibətlərində İKT-nin növbəti inkişaf istiqamətləri ilə bağlı fikirlərini "Rabitə dünyası" ilə eksklüziv müsahibəsində paylaşıb:

Haşiyə: "Mitsubishi Corporation"ın (MC) əsası 1954-cü ildə qoyulub. Hazırda MC-nin dünyanın 90-dan artıq ölkəsində 200-dən çox ofisi, 60 mindən artıq əməkdaşı var. Məlumatlara görə, MC-nin gəlirləri 3 milyard dolları üstələyir. Korporasiya yeddi sektora bölünüb: innovasiya qrupu, energetika, metallar, maşınqayırma, kimyəvi sənaye, istehlak bölməsi, həmçinin son sektor-maliyyə, logistika və texnologiyaların inkişafıdır. "Mitsubishi Electric Corporation" (MEC) da "Mitsubishi" ailəsinin bir qoludur.

Bünövrə tarixi MC-dən daha uzaq keçmişlərə uzanan MEC ilk elektrik ventilyator, ilk televiziya, ilk lift və eskalator, ilk kompüter məhsul və s. kimi məhsulları reallaşdırıb. Müasir Yaponiyanın inkişaf tarixinə təsadüf edən "Mitsubishi Electric"in tarixi 1921-ci ildən başlayır.

"Özəl sektorun təqdimatından Azərbaycan tərəfi məqsədimizi daha aydın görmüş oldu"

- "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı" ölkələr arasında əməkdaşlığın növbəti istiqamətlərinin müəyyənləşməsi üçün bünövrə rolunu oynadı. Seminardan hansı təəssüratlarla ayrılırsınız?

- Düşünürəm ki, "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı" uğurla başlayıb, uğurla sona çatdı. Seminara daha çox Yaponiyanın özəl sektorunun nümayəndələrini dəvət etməyə, onların Azərbaycanda daha geniş təmsil olunmasına çalışmışdıq. Eyni zamanda bizim heyətdə özəl sektorla yanaşı, ictimai, qeyri-hökumət təşkilatları da iştirak edib.

Burada təlimatlarda rəylər yalnız özəl sektorun fikirləri ilə məhdudlaşmır, eyni zamanda ictimai sektorun da fikirləri nəzərə alınıb. Əminəm ki, Azərbaycan tərəfi də bizim burada hansı məramla seminar keçirdiyimizin məqsədini çox gözəl anlayır. Xüsusən də Nümayəndə Heyətində təmsil olunan özəl sektorun təqdimatından, məncə, Azərbaycan tərəfi məqsədimizi daha aydın görmüş oldu.

"Azərbaycan bazarının tələbini çox ehtiyatla və dəqiq şəkildə müəyyənləşdirmək lazımdır"

- Yapon şirkətlərinin Azərbaycan bazarında bugünkü iştirakını necə qiymətləndirirsiniz?

- Konkret bizim şirkətdən danışsaq, "Mitsubishi Electric Corporation"ın istehsal etdiyi məhsullar barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə daha əvvəldən məlumat verilmişdi.

Mən seminarda da anladım ki, Azərbaycan bazarında bizim şirkətin istehsal etdiyi liftlər və kondisionerlərdən artıq istifadə olunur. Daha geniş əməkdaşlıq baxımından isə ilk növbədə biz istehsalçı olaraq, istehlakçıların, o cümlədən bazarın bugünkü tələbini araşdırmalıyıq. Bizim istehsal etdiyimiz hansı məhsullara, hansı xidmətlərə, avadanlıqlara daha çox ehtiyac olduğunu öyrənmək üçün Azərbaycan bazarının tələbini çox ehtiyatla və dəqiq şəkildə müəyyənləşdirmək lazımdır.

Nümayəndə Heyətimizin əsas məramı, qeyd olunduğu kimi, kosmik sahəni əhatə edirdi. Azərbaycan bazarında isə bizim tərəfimizdən istehsal edilən yalnız peyk deyil, eyni zamanda bununla bağlı müxtəlif xidmətlərin və məhsulların təqdimatı da ola bilər. İkigünlük seminarda anladım ki, Azərbaycanın bazarında da Yaponiya şirkətlərinin istehsal etdiyi müxtəlif avadanlıqlara ehtiyac var. Bu tələbatları daha da dəqiqləşdirmək üçün biz gələcəkdə azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlıq etmək, eyni zamanda konkret hansı məhsullara ehtiyac olduğunu aydınlaşdırmaq üçün sorğu keçirmək istərdik.

"Yaponiyaya qayıdandan sonra həmkarlarımla bir daha müzakirələr aparacağıq"

- "Mitsubishi"nin fəaliyyət istiqamətləri genişdir. Konkret olaraq, bəs sizin şirkət kosmik sahədən başqa, Azərbaycanla hansı sahələrdə əməkdaşlıq qurmaqda maraqlıdır?

- Azərbaycanda səfərim çox qısa - cəmi ikigünlük oldu. Bu, tam tanışlıq üçün qısa müddət olsa da, Yaponiyaya qayıdandan sonra öz həmkarlarımla, kolleqalarımla bir daha müzakirələr aparacağıq. Bu müzakirələr Azərbaycana peyk sektorundan başqa hansı məhsulların, xidmətlərin göstərilməsinin mümkünlüyü ətrafında olacaq. Qeyd etdiyim kimi, şirkətimiz peyk sektorundan əlavə, başqa məhsul və xidmətlərin istehsalı ilə də məşğuldur. Amma bu məsələ barədə fikrimizi deməzdən əvvəl biz Azərbaycan tərəfinin hansı tipli istehsala daha çox ehtiyacı olduğunu dəqiqləşdirməliyik. Bunu tədqiq etdikdən sonra müvafiq qərar vermək olar.

- Azərbaycanda tezliklə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) fəaliyyətə başlayacaq. İnformasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyəti stimullaşdıracaq fondun əsas məqsədlərindən biri də yerli İT şirkətlərinin rəqabət qabiliyyətini artıraraq, onların dünya bazarlarına çıxışını təmin etməkdir. Sizin fikrinizcə, Azərbaycanın İT şirkətləri Yaponiya bazarında hansı mövqeni qazana bilərlər?

- Bu suala cavab vermək hazırda mənim üçün çətindir. Çünki mən Azərbaycanın İT şirkətlərinin fəaliyyəti, hazırda istehsal etdikləri məhsulların keyfiyyətindən xəbərsizəm.

Bu baxımdan, konkret deyə bilmərəm ki, onlar beynəlxalq bazar nöqteyi-nəzərindən, Yaponiya bazarında hansı yeri tuta bilərlər. Yalnız öz təcrübəmizə əsaslanaraq, "Mitsubishi Electric Corporation"ın adından deyə bilərəm ki, biz avadanlıq istehsalı (hardware) və proqram təminatı (software), yəni hər hansı detalın və onun istifadəsi, təchizatında maraqlıyıq.

Məsələn, Yaponiyada bu gün proqram təminatı - "software" üzrə rəqabət çox güclüdür. Honkonq da daxil olmaqla, biz proqram təminatı sahəsində Çin və Hindistanla əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq.

"Biz şirkət kimi məhsulumuzu xarici bazara çıxarmaq istəyiriksə..."

- Bu ilin "İKT ili" elan edilməsi ilə yanaşı, Azərbaycan qarşısına 2020-ci ilə qədər İKT ilə bağlı konkret hədəflər də qoyub. Yaponiyanın iqtisadi gücü və müasir texnologiyalar sahəsində əsas mərkəzlərdən biri kimi təcrübəsinə əsaslansaq, ölkəmizdə qoyulan məqsədlərə nail olmaq, eyni zamanda bu sahənin çevik inkişafını davam etdirmək üçün hansı amillərə diqqət edilməsi vacibdir?

- Mən yenə də şirkət olaraq, öz təcrübəmizdən söz açacam. Biz şirkət kimi öz məhsulumuzu xarici bazara çıxarmaq, bu bazarda tanıtmaq istəyiriksə, bunun üçün ölkədən kənarda birgə müəssisələrimizdən istifadə edirik. Məsələn, Çin və ya Asiya ölkələrində müştərək müəssisəmizi təsis edir, yaratdığımız bu müəssisə vasitəsilə istehsal etdiyimiz məhsulun satışını təşkil edirik.

Bu, ilkin satış adlanır və onun həyata keçirilməsində məqsəd məhsullarımızı bu bazara təqdim etmək, müştərilər toplamaqdır. Bu zaman bizim məhsullara tələbatın müəyyənləşdirilməsi ilə bağlı test aparılır. Bu testlərin nəticələri əsasında növbəti addım atılır. Yəni məhsulları təqdim etdiyimiz bazarda qalıb-qalmamağımız da bu testin nəticələrinə söykənir, əməkdaşlığımız, bununla bağlı verəcəyimiz qərar bu təhlillərin nəticəsindən asılı olur.

Azərbaycanda da eyni prosedurlar nəzərdən keçiriləcək. Təəssüf ki, çox qısa keçən ikigünlük səfərim çərçivəsində mənim bu bazarı tam araşdırmaq imkanım olmayıb. Burada da müştərək müəssisə yaratmaq, onun vasitəsilə Azərbaycan bazarının ehtiyaclarına uyğun məhsulları buraya gətirmək və Azərbaycan müştərilərinin fikrini bilmək - bu proses bir qədər vaxt aparır. Bu bazarı hələ araşdıracağıq. İnanıram ki, araşdırmalarımız yaxşılığa doğru dəyişiklikləri üzə çıxaracaq. "Mitsubishi Electric Corporation"ın bu gün fəaliyyətində tutduğu devizi də məhz budur: qabaqcıl texnologiyaları tətbiq etməklə, bütün dünyada "Yaxşılığa doğru dəyişmək".

Həqiqət İSABALAYEVA




09/03/13    Çap et