Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Server bazarında artım qeydə alınıb


"IDC" analitik şirkətinin məlumatına əsasən, 2012-ci ildə məhsuldar server sistemləri (HPC) seqmentində gəlir 7,7% artaraq 11,1 milyard ABŞ dolları təşkil edib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "IBM" korporasiyası server seqmentinin lideridir, onun bazar payı 32%-dir. 30,8% göstəriciyə malik "HP" növbəti pillədə qərarlaşıb. "Dell" (13.5%) isə üçüncü olub. Bununla belə, server bazarının həcmi ədədi ifadədə azalıb.

"IDC"-nin qiymətləndirməsinə əsasən, ötən il HPC serverlərin tədarük həcmi 6.8% azalıb ki, bu da onların orta qiymətinin artması və istehsalçıların daha böyük sistemlərin satışına keçməsi ilə bağlıdır.

Ekspertlər qeyd edir ki, çox məhsuldar server bazarının ən dinamik inkişaf edən sektoru 500 min və daha yuxarı ABŞ dolları qiymətində olan yüksəksəviyyəli superkompüterlər seqmenti olub. Bu seqmentdə gəlirin həcmi 29.3% artaraq 5.6 milyard ABŞ dolları təşkil edib.

Seqmentin inkişafı "Fujitsu", "IBM", "HP" və "Cray" kimi şirkətlərin istehsal etdikləri daha böyük sistemlərin sayəsində mümkün olub. Məsələn, Yaponiyanın "RIKEN" elmi tədqiqat institutunda qurulmuş "Fujitsu K" superkompüteri 500 milyondan çox ABŞ dolları qazandırıb.

Emil Hüseynov




27/03/13    Çap et