Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Su texnologiyaları ilə bağlı debüt sərgi keçiriləcək


11-13 aprel tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu “CATEF 2013” keçiriləcək.

Sözügedən sərgi və forum “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunub. Tədbirin təşkilatı tərəfdaşı qismində isə “Iteca Caspian” MMC çıxış edir.

“ICTnews” elektron xəbər xidmətinə ASC-dən bildirilib ki, su texnologiyaları sərgi-forumunun keçirilməsinin aktuallığını Azərbaycan ərazisində həyata keçirilən və planlaşdırılan genişmiqyaslı layihələrlə, habelə Azərbaycanda fəaliyyət göstərən müəssisələrdə ən yeni avadanlıq və texnologiyaların tətbiqi və istifadəsinin geniş perspektivləri, həmçinin sərmayədarların regiona artan marağı ilə əlaqələndirmək olar.

Debüt sərgi ziyarətçilərin diqqətinə içməli su təchizatı, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyaları təqdim edəcək.

Artıq bu sahənin bir sıra aparıcı şirkətləri “Akkord Azərbaycan”, “Hyundai” (Cənubi Koreya), “Herrenknecht AG” (Almaniya), “Krohne” (Almaniya), “Nordic Water-EMO” (İsveçrə), “Nippon Koei” (Yaponiya), “Samsun Makina” (Türkiyə), “Sumqayıt Texnologiyalar Parkı” (Azərbaycan), “Awas” (Almaniya), “DOW” (ABŞ), “Duktus” (Avstriya), “Suez Environment” (Fransa), “Xylem” (İsveç), “Hungarian Water Cluster” (Macarıstan), “PWT” (Almaniya), “Ekoton” (Rusiya), “Grundfos” (Danimarka) və s. sərgi-forumda iştirak edəcəklərini bildiriblər. ASC-dən qeyd edilib ki, “CATEF 2013” sərgisi ilə paralel olaraq “Marriott” mehmanxanasında Xəzər Beynəlxalq Su Texnologiyaları forumu da keçiriləcək. Forumun əsas mövzularına içməli su emalı üzrə innovativ texnologiyalar, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, mühəndis kommunikasiyalarının müayinə metodları, mühəndis-texniki xətlərin çəkilməsi üçün xəndəksiz qazma texnologiyaları, bataqlıqların və süni göllərin qurudulması, ekoloji sağlam zonaların yaradılması, GİS texnologiyalar və s. daxildir.

Sözügedən forumda dövlət strukturları, beynəlxalq təşkilatlar, beynəlxalq və milli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, eko-texnologiyalar və eko-xidmətlərin təchizini həyata keçirən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə assosiasiyalar və qeyri-hökumət təşkilatları iştirak edəcəklər:

“Şübhəsiz ki, “CATEF 2013” sərgisi bu sahənin mühüm hadisəsinə çevriləcək. Sərgi və forumun paralel keçirilməsi isə qabaqcıl texnologiyaların nümayişi ilə bu sahənin aktual məsələlərinin müzakirəsini səmərəli şəkildə birləşdirməyə imkan verəcək. Sərginin təşkilatçıları əmindirlər ki, sözügedən sərgi və forum əlaqədar sahələrin mütəxəssisləri arasında beynəlxalq səviyyədə məhsuldar və qarşılıqlı sərfəli əməkdaşlığın inkişafına öz töhfəsini verməklə yanaşı, su təchizatı və kanalizasiya xidmətləri sahəsində işgüzar əlaqələrin qurulması, təcrübə mübadilələrinin aparılması, o cümlədən uzunmüddətli saziş və müqavilələrin imzalanması üçün unikal məkan olacaq”.

Həqiqət İSABALAYEVA




29/03/13    Çap et