Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Bu gün İKT Azərbaycan cəmiyyətinə uğurla nüfuz etdirilməkdədir»


Fərhad Məmmədov: «Ölkədə elektron hökumətin yaradılması, müasir biliklərə və innovativ ideyalara əsaslanan iqtisadiyyatın təşəkkülü istiqamətində mühüm addımlar atılıb»

Dünyanın bütün inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələrində informasiya-kommunikasiya texnologiyalarına geniş yer verilir. Çünki İKT sahəsi o qədər geniş sferada yayılıb ki, hazırda istənilən dövlətin, həmçinin yaşamın, insan həyatının istənilən sahəsində özünü göstərir. Bura iqtisadi nəticələrdən, gündəlik həyat tərzindən tutmuş, siyasi görüşlərə qədər aid etmək mümkündür.

Hazırda bir ölkənin siyasi sabitliyini, iqtisadi durumunu bilmək üçün onun internet xidmətlərinə, əhalisinin sosial şəbəkələrdəki fəaliyyətinə nəzər salmaq lazım gəlir. Bu baxımdan deyə bilərik ki, inkişaf etməkdə olan Azərbaycan da öz vətəndaşlarına həm iqtisadi, həm siyasi düşüncələrini virtual dünyada bəyan etməsi üçün geniş imkanlar yaradıb. Ölkədə internetin keyfiyyəti yüksəldilib və ondan istifadə üçün hər bir vətəndaşa bərabər və tam sərbəst şərait formalaşdırılıb. Bunun nəticəsidir ki, bütün ölkə ərazisi üzrə hər gün internetdən istifadə edənlərin sayı artmaqdadır.

Bu baxımdan Azərbaycan insanının İKT-dən hansı formada yararlanması ilə bağlı analitik mərkəzlərin də fikirləri maraqlıdır. «Rabitə dünyası» qəzeti olaraq Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun müsahibəsini təqdim edir:

- Fərhad müəllim, müasir dövrdə İKT-nin cəmiyyətdə rolunu necə qiymətləndirirsiniz?

- İndiki şəraitdə cəmiyyətin inkişaf səviyyəsi digər meyarlarla yanaşı, həm də informasiya və kommunikasiya texnologiyalarının, elm və texnikanın son nailiyyətlərinin onun ictimai, siyasi, iqtisadi, sosial, mənəvi həyatında oynadığı rol ilə də xarakterizə olunur. Və o da sirr deyildir ki, hazırda Yer üzündə baş verən müxtəlif sosial-siyasi xarakterli proseslərin bir çoxu məhz informasiya məkanında cərəyan etməkdədir.

Məlum olduğu kimi, müasir sivilizasiyanın dayanıqlı inkişafını təmin edən başlıca amillərdən biri qabaqcıl texnoloji komponentlərin tətbiqidir. Belə ki, iqtisadiyyatın innovativ xarakterinə, qabaqcıl texnologiyalar sayəsində sənaye və kənd təsərrüfatının yüksək inkişafına, dərin biliklərə, yüksək keyfiyyətli təhsil və xidmətlərə, əhalinin maddi rifahının yüksəlməsinə, gəlirlərinin artmasına və s. söykənən post-sənaye cəmiyyətində İKT-nin müstəsna əhəmiyyəti vardır. Yəni cəmiyyətin inkişafı, onun daxilində baş verən müsbət tendensiyalar bilavasitə yüksək texnologiyaların tətbiqi və onların cəmiyyətin xidmətinə yönəldilməsi ilə müşayiət olunur.

Təcrübəyə əsasən, informasiya və kommunikasiya texnologiyalarından düzgün və geniş istifadə olunması konkret dövlətin, regionun, qlobal miqyasda isə bəşəriyyətin hərtərəfli inkişafını təmin etməklə yanaşı, siyasi, iqtisadi, sosial-mədəni, ekoloji problemlərin, beynəlxalq xarakterli təhdidlərin aradan qaldırılmasında səmərəli tətbiq imkanlarına malikdir.

İKT post-sənaye cəmiyyətində yeni münasibətlərin, sosial və iqtisadi fəaliyyət formalarının, qlobal informasiya mühitinin, milli, regional və beynəlxalq səviyyədə informasiya mübadiləsi sistemlərinin yaradılmasına, milli təhsil sisteminin günün tələbləri, beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsinə, elm və texnikanın hərtərəfli inkişafına əlverişli mühit yaradır. Təsadüfi deyildir ki, hər bir ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əmsalı onun intellektual və elmi potensialının inkişafının, burada demokratik prinsiplərin qorunmasının, mövcud dövlət idarəetmə sistemində açıq və şəffaf fəaliyyətin göstəricisi kimi qəbul edilməkdədir.

Qeyd etmək istərdim ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sayəsində qlobal miqyasda informasiya cəmiyyətinin formalaşdırılmasında sosial şəbəkələrin də müstəsna rolu vardır. Bu həssas fenomen genişmiqyaslı sosial ünsiyyət vasitəsi olmaqla inteqrasiya prosesini sürətləndirir, xalqların, mədəniyyətlərin virtual dialoqunu yaradır. Lakin dünya təcrübəsi göstərir ki, ondan sui-istifadə edilməsi halları etnik, dini, siyasi qarşıdurmaların yaranmasına da səbəb ola bilər.

- Ölkəmizdə də son illər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş vüsət alıb...

- Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məqsədli dövlət proqramlarının və zəruri islahatların icrası nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, "elektron hökumət"in yaradılması, müasir biliklərə və innovativ ideyalara əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərə dair mühüm addımlar atılmış, uğurlar əldə olunmuşdur. Bu gün informasiya cəmiyyətinin hüquqi normativ bazasının yaradılması sahəsində də Azərbaycan dövlətinin müsbət təcrübəsi vardır.

Azərbaycan hökuməti informasiya cəmiyyətinin formalaşdırılması və genişləndirilməsində ciddi şəkildə maraqlıdır və bu sahədə olan təşəbbüslərə texniki və maliyyə dəstəyi göstərir. Bu siyasət cəmiyyətin tələblərini, qlobal çağırışları nəzərə almaqla ölkəmizin sosial-siyasi, iqtisadi-mədəni inkişafına, demokratik, hüquqi cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya prosesinin sürətləndirilməsinə yönəldilmişdir.

Vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü il ölkəmizdə «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan olunmuşdur. Bu isə İKT-nin dövlət siyasətinin, prioritet istiqamətlərindən olduğunu bir daha diqqətə çatdırır. Sərəncamda qeyd olunduğu kimi, həmin uğurlar sırasında "4G" texnologiyalarının tətbiqini, milli-mədəni irsimizin təbliği və öyrənilməsi ilə bağlı materialların virtual məkanda yerləşdirilməsini, Azərbaycan dilində olan internet resurslarının zənginləşdirilməsini, internet-radio və internet-televiziya, elektron qəzet təcrübəsinin yayılmasını, sosial şəbəkə istifadəçilərinin artmasını, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və «ASAN xidmət» mərkəzlərinin yaradılmasını göstərmək olar. 2013-cü ildə bu istiqamətdə ən böyük müvəffəqiyyətlərdən biri isə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasıdır.

Ölkəmizdə uğurla tətbiq olunan «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya»ya uyğun olaraq, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, tədris prosesində qabaqcıl texnologiyaların tətbiqi genişləndirilmiş, bu sahədə informasiya resursları formalaşdırılmışdır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də əhaliyə sosial şəbəkələr vasitəsilə xidmətlər göstərilir, «Seçkilər» dövlət avtomatlaşdırılmış informasiya sistemi yaradılmış, Azərbaycanın bir sıra elmi tədqiqat və təhsil müəssisələrini birləşdirən telekommunikasiya şəbəkəsi fəaliyyətə başlamış, "TransAsiyaAvropa" layihəsi çərçivəsində optik rabitə xətləri şəbəkəsi istifadəyə verilmişdir.

Bundan başqa, bir sıra dövlət və özəl qurumlarda informasiya və kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli layihələr həyata keçirilmişdir. Bu gün informasiya-kommunikasiya texnologiyaları Azərbaycan cəmiyyətinə uğurla nüfuz etdirilməkdədir.

- Elə isə Strateji Araşdırmalar Mərkəzi informasiya və kommunikasiya texnologiyalarından necə yararlanır?

- Strateji Araşdırma Mərkəzi müasir elmi-tədqiqat qurumu olaraq, təkcə informasiya və kommunikasiya texnologiyalarından yararlanmır. İKT-nin Azərbaycan cəmiyyətində rolu və imkanları, sosial-siyasi aspektləri, onun demokratiyanın inkişafında, inteqrasiya prosesində, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyəti də ekspert və təhlilçilərimizin tədqiqat mövzularından biridir.

Eyni zamanda, fəaliyyətimizdə sosial şəbəkələrdən də geniş istifadə edirik. İstifadəçilər Strateji Araşdırmalar Mərkəzinin saytında (www.sam.az) aparılan tədqiqat işləri, yerli, regional və beynəlxalq miqyasda keçirilən tədbirlər, ayrı-ayrı ekspert rəyləri və proqnozlar, SAM-ın dövrü nəşrləri və kitabları və s. barədə əhatəli materiallar toplanmışdır.

Bundan başqa, "YouTube" (www.youtube.com/samgovaz), "Twitter" ( www.twitter.com/sam_baku) və "Facebook"             ( www.facebook.com/CenterforStrategicStudies ) şəbəkələrində də fəaliyyətimizlə bağlı mətnlər, audio-videomateriallarla da tanış ola bilərlər.

Seymur Qasımbəyli

s.qasimbeyli@gmail.com





30/03/13    Çap et