Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play”-dən 60 min tətbiq silinib


2013-cü ilin fevralında "Google" şirkəti "Android" platforması üçün "Google Play" tətbiq internet mağazasında "təmizləmə" işləri aparıb. Bu barədə "TechCrunch" bloqu yazıb.

Bir ay ərzində internet mağazadan 60 min proqram silinib. Xatırladaq ki, "Google Play" internet mağazasında təxminən 700 min tətbiq mövcuddur.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, silinmiş proqramların əksəriyyəti "musiqi" kateqoriyasına aid olub. Lakin fevralda silinmiş tətbiqlərin heç də hamısı "Google"-un təşəbbüsü ilə baş verməyib.

Əlavələrin bir hissəsini naşirlər, məsələn məzmun tədarükçüləri ilə müqavilənin bitməsinə görə və ya digər səbəblərdən siliblər. "Apple" şirkətindən fərqli olaraq "Google" tətbiqləri yoxlama aparmadan mağazaya əlavə edir. Lakin tətbiq "Google Play-dan istifadə şərtlərinə" uyğun gəlmirsə, o zaman silinə bilər.

Emil Hüseynov




10/04/13    Çap et