Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Belarus Poçtu ilə təcili elektron pul köçürmələri test edilir


Ölkəmiz daha bir ölkə ilə "STEFİ" (Secured Transfer of Electronic Financial İnformation) təcili pul köçürmələri əməliyyat sistemi ilə mübadilə aparacaq.

"Azərpoçt" MMC-nin Ödəniş xidmətləri şöbəsinin rəisi Sevil Nəsibova məlumat verib ki, bu, MDB ölkələrinə daxil olan Belarus Respublikasıdır. Onun sözlərinə görə, "STEFİ" elektron pul köçürmələri üzrə Ümumdünya Poçt İttifaqının regional layihəsinin icrası ilə bağlı "Azərpoçt" MMC ilə Belarus Poçtu arasında təcili elektron pul köçürmələrinin sınaq testinə başlanılıb. Hər iki ölkə arasında bu əməliyyatın yüksək səviyyədə həyata keçirilməsi məqsədilə bütün texniki məsələlər ən yüksək səviyyədə həll edilib.

"Biz digər dövlətlərlə də daha sürətli pul köçürmələri həyata keçirmək üçün "STEFİ"-nin mərkəzi ofisinə məktubla müraciət edəcəyik. Sonuncu layihəmiz Ukrayna ilə "STEFİ" üzərindən pul göndərilməsi çox yüksək səviyyədə baş tutdu" - deyə şöbə rəisi bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sistemi vasitəsilə Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.

RƏVAN




17/04/13    Çap et