Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” cərimələnib


"Google" korporasiyası Almaniyada "Street View" xidmətinin hazırlanması zamanı parol qoyulmamış "Wi-Fi" şəbəkələrdən qanunsuz informasiya topladığına görə 145 min avro həcmində cərimə ödəməlidir.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, 2008-2010-cu illər ərzində küçələri kameralarla təchiz edilmiş avtomobillərlə gəzib dolanan və görüntüləri "Street View" xidməti üçün çəkən internet nəhənginin nümayəndələri parol qoyulmamış şəbəkələrdəki məlumatları avtomatik toplayıblar. Toplanılmış informasiya müxtəlif növ fərdi məlumatları (elektron mesaj, parol, foto, çat protokolları) əhatə edir.

Almaniyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi cərimənin qoyulması haqqında qərarı alqışlayıb və "Google"-dan səlahiyyətli orqanlar və ictimaiyyət barəsində informasiya siyasətini təkmilləşdirməyi tələb edib. Korporasiya isə öz növbəsində bildirib ki, toplanılmış məlumatlar təhlil edilməyib və kommersiya məqsədi üçün istifadə olunmayıb.

Emil Hüseynov




23/04/13    Çap et