Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya polisi məxfiliyi təmin edən internet sisteminin bağlanmasını istəyir


Yaponiyanın "Mayniçi" qəzetinin məlumatına görə, ölkə polisi birgə şəbəkədə müxtəlif resurslara müraciət etmək imkanı verən – "Tor" (The Onion Router) anonimləşdirmə sisteminin işinə qadağa qoyulması ilə bağlı məhkəmə ilə əməkdaşlıq qurmaq niyyətindədir.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, polisdə deyirlər ki, bu sistemdən müxtəlif qeyri-qanuni fəaliyyətlə məşğul olan internet cinayətkarları aktiv istifadə edir. Polislər, cinayətkarlar tərəfindən yaradılmış trafiki araşdırdıqdan sonra belə qənaətə gəliblər ki, bu trafiklər demək olar, həmişə "Tor"un istifadəsi ilə anonimləşdirilib.

"Tor"un köməkliyi ilə "Demon Killer" niki altında haker fəaliyyət göstərib və yüzlərlə yapon forumlarında kütləvi intiharlara çağıran müraciətlər yerləşdirib. Ötən həftə Tokioda 4 nəfər bir-biri ilə bağlılığı olmayan haker saxlanılıb və onların hamısı öz şəbəkələrinin izlərini itirmək üçün "Tor"dan istifadə edib. Bundan öncə polis Tokionun xarici izləmə sistemini "sındıran", 30 yaşlı Yusuke Katayamu adlı hakeri saxlayıb. O da digərləri kimi izlərini itirmək üçün "Tor" sistemindən istifadə edib.

Polis bildirib ki, anonimlik sistemi olmasaydı, bütün bu cinayətkarları daha tez aşkar etmək olardı. Ötən həftə artıq yapon polisi Rabitə Nazirliyinə və məhkəmələrə müraciət edib ki, provayderlər səviyyəsində bu sistem bağlansın.

Qeyd edək ki, "Tor" sistemi izləmədən mühafizə edilmiş, anonim şəbəkə bağlantısı yaratmaq üçün nəzərdə tutulub. Sistem əsasən "Si", "S++" və "Python" proqramlaşdırma dillərində yazılıb. "Tor" texnologiyası eyni zamanda, istifadəçilərin anonimliyi ilə yanaşı, şəxsi, biznes məlumatlarının, iş əlaqələrinin məxfiliyini təhlükə altına salan, trafikin analizi mexanizmlərindən mühafizəni təmin edir.

Aynur Vəliyeva




23/04/13    Çap et