Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibernetika və informatika sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlərə dair kitab nəşr olunub


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Azərbaycan Respublikasının müstəqillik illərində kibernetika və informatika sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlər (1991-2011-ci illər)" kitabı nəşr olunub.

"ICTnews" elektron xəbər xidmətinin AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən verdiyi məlumata görə, "Elm" nəşriyyatında çapdan çıxmış kitabın elmi redaktoru akademik İsmayıl İbrahimov, Redaksiya Şurasının üzvləri akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, f.-r.e.n. Ədalət Paşayev, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, Mədinə Səidova və Səyyar Abdullayevdir.

Kitabda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonrakı 20 il ərzində kibernetika və informasiya texnologiyaları üzrə əldə edilən elmi nailiyyətlər, o cümlədən mühüm elmi nəticələr, elmi-tədqiqatların praktiki tətbiqi, elmi nəşrlər və keçirilən beynəlxalq konfranslar, elmi kadrların hazırlanması və təltiflər haqqında məlumatlar yer alıb.

CAHANGİR




27/04/13    Çap et