Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN əməkdaşlarının bir qrupuna sertifikat təqdim edilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) VII İnternet İdarəçiliyi Forumunda (İİF) RİTN-in aidiyyəti qurumlarını təmsil etmiş əməkdaşların bir qrupu ilə görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 6-9 noyabr tarixlərində ölkəmizdə keçirilmiş İİF-ə həm daxili, həm də beynəlxalq səviyyədə marağın böyük olduğunu xatırladaraq, tədbirə gözləniləndən də artıq könüllülərin cəlb olunduğunu vurğulayıb.

Forumun ölkəmiz, eyni zamanda bütün iştirakçılar üçün səmərəli keçməsinə də diqqət çəkərək, İİF-in yüksək səviyyədə təşkili istiqamətində nümayiş etdirdiyi birgə səy və həmrəyliyə görə bütün təşkilatçı və iştirakçılara minnətdarlığını ifadə edən nazir müavini onların da fikirlərini öyrənib. Daha sonra İİF-də fəal iştirakına görə RİTN əməkdaşlarının bir qrupuna sertifikat təqdim edilib.

Xatırladaq ki, "İnkişaf naminə internet idarəçiliyi (IG4D)" ilə bağlı keçirilən tədbirdə 100-dək ölkəni təmsil edən 1500-dən çox nümayəndə heyəti, o cümlədən hökumət, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak ediblər. Bu gün dünyada internetlə bağlı mövzuları gündəmə gətirən İİF İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin Tunis mərhələsində 2005-ci ildə təsis edilib. Forum inkişaf etmiş ölkələr (İEÖ) üçün yaradılan şəraitin, inkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün də, o cümlədən İEOÖ-də internet idarəçiliyi, mövcud institutlar və təşkilatlarda iştirak məsələsinin asanlaşdırılması və s. yaratmaq məqsədi daşıyır.

Nəticə etibarilə, həm İEÖ, həm də İEOÖ-i təmsil edən tərəfdaşların foruma cəlb edilməsi internetin gələcək inkişafı üçün önəmlidir. Bu forum bütün nümayəndələr tərəfindən internetlə bağlı dövlət siyasəti məsələlərinin bərabər hüquqlar əsasında müzakirə edildiyi dialoq məkanıdır. Forumun əvvəlki altı iclasına gəlincə, İİF 2006-cı ildə Afinada (Yunanıstan), 2007-ci ildə Rio de Janeyrada (Braziliya), 2008-ci ildə Heydərabadda (Hindistan), 2009-cu ildə Şarm əl Şeyxdə (Misir), 2009-cu ildə Vilnüsdə (Litva), 2011-ci ildə Kenyanın paytaxtı Nayrobidə keçirilib. Bakı isə bu nüfuzlu tədbirin tarixinə yeddinci ev sahibi kimi düşüb.

Həqiqət İSABALAYEVA




02/05/13    Çap et