Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Texniki Universitetində “Çağdaş Mühəndislik Təhsili” mövzusunda seminar keçirilib


Azərbaycan Texniki Universitetində (AzTU) “Gənc Mühəndislərin İnkişafı” və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai birliklərinin təşkilatçılığı ilə “Çağdaş Mühəndislik Təhsili” mövzusunda seminar keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, tədbiri universitetin rektoru, professor Havar Məmmədov açaraq bildirib ki, XXI əsr yeni texnologiyalar əsridir: “Bu gün informasiya-kommunikasiya texnologiyaları (İKT), habelə nanotexnologiya sürətlə inkişaf etməkdədir. Bu texnologiyaların həyatın müxtəlif sahələrində geniş tətbiqi, söz yox ki, mühəndis-texniki təhsil alan gələcək mütəxəssislərin həmin sahələrə marağından çox asılıdır”.

Onun sözlərinə görə, bu istiqamətdə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi, eləcə də “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi səmərəli fəaliyyət göstərir. Seminarda “Gənc Mühəndislərin İnkişafı” İB-nin baş katibi Dəyanət Əhmədov və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İB-nin sədri, dosent Məmmədəli Babaşlı təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.

ABŞ-ın Cənubi Politexnik Dövlət Universitetinin dosenti Fatih Öncül müasir dövrün yüksək tələblərinə uyğun mühəndis kadrları hazırlamağın əsas xüsusiyyətlərindən danışıb. Seminarda “Gənc Mühəndislərin İnkişafı” və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai birliklərinin fəaliyyətində yaxından iştirak edən tələbələrə həmin birliklərin sertifikatları təqdim edilib.

Seminar başa çatdıqdan sonra iştirakçılar AzTU-nun auditoriyaları, laboratoriyaları və tədris prosesində istifadə olunan müasir tədris vasitələri ilə tanış olublar.

CAHANGİR




05/06/13    Çap et