Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əbülfəs Qarayev: “Hazırda gənclərin böyük əksəriyyəti internet şəbəkəsində yayılan məlumatlardan yararlanırlar”


"Bu gün davamlı inkişaf haqqında danışarkən artıq bütün dünya üzrə yeni bir situasiyanın yarandığı dərk edilməlidir. Müasir dövrdə dünyada davamlı inkişaf texnologiyalarla, internet məkanı ilə bağlıdır. Texnologiyaların, internetin imkanlarından istifadə etməklə hər hansı mədəni prosesi əks etdirmək olar".

"ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Nazirin sözlərinə görə, internet məkanı hər kəs üçün açıqdır.

O əlavə edib ki, açıq mühitdə digərlərinin hüquqlarına hörmətlə yanaşmaq lazımdır. "Biz bu gün festivallar keçiririk, konsertlər, sərgilər, teatr tamaşaları təşkil olunur. Amma artıq daim rastlaşdığımız, öyrəşdiyimiz bu üsullar cəmiyyətin və bəşəriyyətin heç 10-15%-ni də əhatə etmir. Hazırda gənclərin böyük əksəriyyəti internet şəbəkəsində yayılan məlumatlardan yararlanır".

Nazir deyib ki, yeniyetmələrin şəbəkə vasitəsilə prosesləri necə qavraması, bunun əks-sədasının necə olacağı, ona təsir etmək yolları və ya təsir göstərməyin mümkünlüyü böyük sual doğurur:

"Söhbət ondan gedir ki, biz internetə, virtual məkana daxil olmaqla öz mədəniyyətimizi, insan hüquqlarımızı nə qədər müdafiə edə bilərik? Bu gün hər hansı bir qonşu dövlətin nümayəndəsi internet vasitəsilə istədiyini yaza, Azərbaycan mədəniyyətinə xələl gətirə, təhqir edə bilər. Bunun cavab mexanizmi necə olmalıdır? Bunu cəmiyyət, yoxsa fərdlər etməlidir? Düşünürəm ki, bu gün bizim əsas düşündüklərimiz və aparılan işlərin istiqaməti bu məkanda yaşayan cəmiyyətin mədəni hüquqlarını necə müdafiə edə biləcəyimizə yönəlməlidir. Əfsuslar olsun ki, nə mən, nə də bu şəbəkəni yaradan insanların heç özləri bu suala cavab verə bilməz. Çünki belə mexanizmlər yoxdur. Müxtəlif ölkələr internetlə bağlı müxtəlif qanunlar tətbiq edir, müdafiə sistemini təkmilləşdirir. Amma onlar çox cüzi miqdarda bunu təmin edə bilir. Ona görə də insan haqları, davamlı inkişaf haqqında danışarkən ilk öncə yeni məkanda, virtual dünyada öz hüquqlarımızın qorunması haqqında düşünməliyik".

SEYMUR




19/06/13    Çap et