Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli statistika qurumlarının mütəxəssisləri üçün proqram təminatı təqdim olunub


Macarıstanın Budapeşt şəhərində “Milli ev təsərrufatları tədqiqatından ərzaq məhsullarının istehlakı barədə əldə edilən məlumatlardan istifadə olunaraq ərzaq təhlükəsizliyi təhlilinin aparılması”na dair seminar keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanı komitənin Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiri Yasar Paşa təmsil edib.

Seminarda Azərbaycanla yanaşı Albaniya, Gürcüstan, Macarıstan, Moldova, Qırğızıstan, Türkiyə və Ermənistan nümayəndələri iştirak ediblər. Seminarda iştirak edən ölkələrin statistika qurumlarının nümayəndələri hər bir ölkədə həyata keçirilən ev təsərrüfatları tədqiqatının metodologiyası, sorğu anketləri, məlumatların toplanması, məntiqi və riyazi nəzarətlərin yerinə yetirilməsi, istifadə olunan proqram təminatları barədə geniş məlumat veriblər.

Daha sonra Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertlərinin milli statistika qurumlarının mütəxəssisləri ucun hazırladıqları ADePT proqram təminatı iştirakçılara geniş şəkildə təqdim edilib. Tərtib olunmuş proqram təminatı yüksək analitik keyfiyyətə malikdir.

Proqram təminatı vasitəsi ilə geniş təhlillərin aparılması, coxölçülü cədvəllərin alınması, müxtəlif riyazi modellərin qurulması, təsviri statistika və məlumatların keyfiyyət göstəricilərinin hesablanması və bu kimi işlərin yerinə yetirilməsi mümkün olacaq.

Qeyd olunan proqram təminatı SPSS və STATA məlumat bazaları ilə işləyir və yalnız Dövlətstatkomda istifadə olunan dəyişən adların proqrama tanıdılması tələb olunur, cədvəllərin alınması isə proqram vasitəsilə həyata keçirilir.

Proqram təminatından ev təsərrüfatlarının tədqiqatı ilə yanaşı, ərzaq təhlükəsizliyi, təhsil, gender, səhiyyə, əmək bazarı, yoxsulluq və sosial müdafiə statistikası üzrə məlumatlardan istifadə etməklə tətbiq oluna və müvafiq cədvəllər alına bilər.

CAHANGİR




20/06/13    Çap et