Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Emin Axundov: “Müəllimlər üçün “Microsoft”un İnnovativ Ekspert Müəllimi proqramı elan edilib”


"Microsoft" korporasiyası ümumtəhsil məktəb müəllimləri üçün "Microsoft Innovative Educator Expert - MIE Expert" (Microsof-tun İnnovativ Ekspert Müəllimi) proqramını elan edir. "MIE Expert" təhsilin transformasiyası üçün texnologiyalardan istifadə edən dünyanın qabaqcıl müəllimlərini bir araya gətirən birillik eksklüziv proqramdır.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə "Microsoft Azərbaycan" şirkətinin Təhsildə Əməkdaşlıq proqramının meneceri Emin Axundov məlumat verib. Onun sözlərinə görə, "MIE Expert" kimi seçilmiş müəllimlər 1 illik proqramın iştirakçısı olur və bu il ərzində çeşidli vəsait və dəstəyə çıxış əldə edirlər.

"Microsoft Partners in Learning Global Forum"una (Microsoft-un Təhsildə Əməkdaşlıq Qlobal Forumu) dəvətnamədən də söz açan E.Axundov qeyd edib ki, forum 2014-cü il mart ayında İspaniyanın Barselona şəhərində keçiriləcək və dünya səviyyəsində seçilmiş "MIE Expert"lərin təcrübə mübadiləsi məqsədi daşıyacaq. Forumda müəllimlər üçün ən son "Microsoft" texnologiyaları, dünyanın təhsil liderlərindən məsləhətlər, dünya təhsil icması ilə əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq:

"MIE Expert" proqramında iştirak şərtlərinə gəlincə, iştirakçı hal-hazırda işləyən ümumtəhsil məktəbin istənilən fənn müəllimi olmalı, tədris keyfiyyətini artırmaq üçün texnologiyalardan yenilikçi üsullarla istifadə etməli, tədris prosesini şagirdlərdə 21-ci əsr bacarıqlarını inkişaf etdirəcək üslubla təşkil etməlidir. Proqramda iştirak şərtləri "http://www.pil-network.com/" səhifəsində də yerləşdirilib".

Proqram bir necə mərhələdən ibarət olacaq. Belə ki, iştirakçı "Partners in Learning" şəbəkəsinə (www.pil-network.com) qoşulub (qeydiyyatdan keçib) istifadəçi profilini yaratmalıdır.

Proqramda iştirak üçün Müraciət təlimatlarını yükləməli (http://pilnetwork.blob.core.windows.net/public/Expert%20Educator%20Application%20Detailed%20Instructions%202013.pdf) və tanış olmalıdır. Tədris prosesində texnologiyalardan istifadəni və 21-ci əsr bacarıqlarının aşılanmasını bacardığını sübut etmək üçün iştirakçı Tədris Layihəsini (www.pil-network.com saytına yükləməlidir) təqdim etməlidir. Münsiflər komitəsinin meyarlarını anlamaq üçün Müraciət Rubrikaları və Tədris Layihəsi rubrikaları ilə tanış olmalıdır. İstifadəçi profilindən "MIE Expert" müraciət forumunu doldurmalıdırlar:

"Müraciət ingilis dilində təqdim olunmalıdır. Müraciətlər üçün son tarix 30 avqust müəyyənləşdirilib".

Həqiqət İSABALAYEVA





21/06/13    Çap et