Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” adlı e-xidmət təqdim edilib



Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkə prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası çərçivəsində yeni elektron xidmətin tətbiqinə başlayıb.


DSMF-dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi"  adlı yeni e-xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir. Yeni e-xidmət "Elektron hökumət" portalının (www.e-gov.az) "Qeydiyyatsız xidmətlər" bölməsində yerləşdirilib. Xidmətdən istifadə qaydaları olduqca sadədir.

Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ni, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər. "SUN" sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır.

Bu xidmətin istifadəyə verilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin asanlaşdırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına gətirib çıxaracaqdır.
Ötən ayların statistikasına  əsasən, DSMF tərəfindən göstərilən e-xidmətlər əhalinin ən çox müraciət etdiyi e-xidmətlərdir. 

Belə ki, fondun göstərdiyi  "Məcburi dövlət sosial sığortasına  cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi",  "Pensiya kapitalı barədə məlumat", "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" və digər e-xidmətlər  "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlər sırasında yer alıb.


Aynur Vəliyeva




24/06/13    Çap et