Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK informasiya mübadiləsində elektron imzadan istifadəni genişləndirir



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əhaliyə elektron xidmətlərin göstərilməsi və dövlət orqanları ilə məlumat mübadiləsi proseslərini daha da təkmilləşdirmək və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə növbəti addım atıb.

TQDK-dan verilən məlumata görə, elektron imzadan geniş istifadə etmək məqsədilə komissiya müvafiq texnoloji tədbirlər həyata keçirib.

Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Milli Sertifikasiya Xidmətləri Mərkəzindən elektron sənədi təsdiq edən elektron imza alınıb. Elektron imzanın gizli açarlarının təhlükəsiz saxlanılmasını təmin edən avadanlıq əldə edilərək quraşdırılıb.

Nəticədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət orqanlarına və əhaliyə internet üzərindən təqdim olunmaq üçün onlayn rejimdə hazırladığı elektron materialları (siyahı, informasiya sistemlərindən çıxarış və s.) insan müdaxiləsi olmadan elektron imza ilə təsdiqləmək imkanı əldə edib.

 Qeyd edək ki, artıq ümumi təhsili həyata keçirən təhsil müəssisələri cari ildə keçirilmiş ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin nəticələrini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına gəlmədən internet üzərindən elektron imza ilə imzalanmış şəkildə əldə edirlər.
 Yeni texnologiyanın komissiya tərəfindən göstərilən digər xidmətlərdə də istifadə edilməsi nəzərdə tutulur.
 
CAHANGİR




08/07/13    Çap et