Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Neft Fondu illik elektron hesabatını İmadəddin Nəsimiyə həsr edib


Dövlət Neft Fondu (DNF) 2012-ci ildə fəaliyyəti haqqında hesabatı və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik elektron hesabatı dərc edib.

Maraqlısı odur ki, DNF hesabatın təqdim edilməsində yeni üslubdan istifadə edir. Belə ki, 2010-cu ildən başlayaraq Neft Fondu tərəfindən dərc edilən illik hesabatlarda Azərbaycan ədəbiyyatının tanınmış simaları haqqında məlumatlar və yaradıcılıqlarından nümunələr yerləşdirilir.

Dövlət Neft Fondunun 2012-ci il üzrə illik hesabatı Azərbaycan dilində fəlsəfi şerin banisi, görkəmli şair İmadəddin Nəsimiyə həsr edilib. Bu cür tərtibatda hazırlanan ilk hesabat - 2010-cu il üzrə Neft Fondunun illik hesabatı dahi Nizami Gəncəviyə, 2011-ci il üzrə illik hesabatı isə Azərbaycanın görkəmli şairi Məhəmməd Füzuliyə həsr edilmişdi. Fonddan bildirilib ki, illik hesabatın ədəbi əsərlərlə zənginləşdirilmiş yeni tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Dövlət Neft Fondunun kiçik bir töhfəsi olacaq.

Qeyd edək ki, Azərbaycan xalqının milli sərvəti olan qara qızılın satışından əldə edilmiş gəlirlərin toplanması, idarə edilməsi və bu vəsaitlərin gələcək nəsillərə çatdırılması missiyasını yerinə yetirən Dövlət Neft Fondu 2012-ci ildə yaradılmasının 13-cü ilini qeyd edib.
 
 
Həqiqət İSABALAYEVA




17/07/13    Çap et