Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti kartoqrafik servisinin satın alınmasına 966 milyon dollar ödəyib



Ötən həftə “Google” şirkətinin “Waze” kartoqrafik servisinin satın alınmasına 966 milyon dollar ödəməsi məlum olub.

“Waze”-in satış dəyəri ilə bağlı məlumatlar “Google” tərəfindən ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim edilən rəsmi sənədlərdən bəlli olub. Sövdələşmə  cari ilin yayında elan edilib.

Qeyd etmək lazımdır ki, əvvəllər analitiklər “Waze”-in satılmasını 1 milyard dollardan çox qiymətləndiriblər.
Xatırladaq ki, “Waze” yol hərəkəti haqqında naviqasiya və hesabatlar üçün həllərin hazırlanması ilə məşğuldur. “Waze”-in kartoqrafik servisləri smartfonlar üçün daha çox istifadə olunan əlavələr beşliyinə daxildir və  mobil qurğu istifadəçilərinin cəlb edilməsi və saxlanılması üçün həlledici əhəmiyyətə malikdir.

2009-cu ildə təsis edilən “Waze” servisinə “Horizons Ventures”, “Kleiner Perkins Caufield & Byers” və “iFund” fondları tərəfindən 30 milyon dollar investisiya yatırılıb. Sonradan servis “Magma Venture Partners”, “Vertex Venture Capital”, “Qualcomm Ventures”, “BlueRun Ventures” və “Microsoft Corporation” şirkətlərindən də 67 milyon dollar cəlb edə bilib.   






30/07/13    Çap et