Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mobil pul cüzdanı sistemi tətbiq edilib



"AzeriCard" prosessinq mərkəzi və ödəniş sənayesinin beynəlxalq həllər təchizatçısı olan "OpenWay" şirkəti  birgə mərkəzin mobil-bankinq xidmətinin "Way4 Cash By Code" texnologiyası vasitəsilə optimallaşdırılması üzrə layihə həyata keçirib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu texnologiya telefonda, bankomatdan plastik kartsız pul çıxarmağa imkan verən kodu generasiya edir. Artıq "mobil pul cüzdanı"nın rahatlığından "AzeriCard"ın tərəfdaşı olan 14 bank bəhrələnir. Yeni xidmət, kartı olmayanlar tərəfindən ani pul köçürməsi kimi istifadə edilir. "Cash By Code" texnologiyası ilə Azərbaycanda 1,3 min bankomat təchiz edilib.

"Cash By Code" opsiyası ilə təchiz edilmiş mobil-bankinq sistemi "OpenWay" şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilib və "iPhone", "Android", "BlackBerry" və "Java"nı dəstəkləyən adi mobil telefonlarda istifadə edilir.

Yaxın zamanda "AzeriCard" kart xidmətlərinin, mobil və veb-texnologiyalar portfoliosunun genişləndirilməsi çərçivəsində "Way4 Cash By Code On Mobile" texnologiyasını çoxfunksiyalı mobil pul cüzdanı ilə yanaşı, digər özünə xidmət kanallarında istifadəsini təmin etmək məqsədi ilə onu internet-bankinq xidmətlərinə inteqrasiya etmək niyyətindədir.

Aynur Vəliyeva




13/08/13    Çap et