Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformasiya-kommunikasiya texnologiyaları ili” - 6 ay


"İnformasiya-kommunikasiya texnologiyaları ili" kimi yaşadığımız 2013-cü ilin artıq 6 ayı geridə qalıb. Bu müddətdə sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin, müvafiq layihələrin icrasına başlanılıb. "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya Texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, qəbul olunmuş dövlət proqramları və digər hüquqi sənədlərlə qarşıda mühüm vəzifələr müəyyənləşdirilib.
 
Qarşıdakı vəzifələr
 
Bu vəzifələrə rəqəmli yayımın ölkənin əhali yaşayan ərazisində təşkilinə nail olmaq, Yerin məsafədən zondlaması üçün aşağıorbitli peykin hazırlanması və orbitə çıxarılması, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin I mərhələsinin qurulması daxildir. Eyni zamanda "Elektron hökumət" infrastrukturunun təkmilləşdirilməsi, dövlət qurumlarının bu infrastruktura inteqrasiyasının artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu məhsulların hazırlanması üzrə "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin təşkili, respublikanın bütün yaşayış məntəqələrində genişzolaqlı xidmətlərin tətbiqi üzrə layihənin icrasına başlanılması üçün hazırlıq işlərinin görülməsi, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi, nanotexnologiyaların tədqiqi və praktikada bilavasitə tətbiq olunması bu qəbildən olan tədbirlərdir. 
 
İKT-nin inkişafına yönələn 52 bənd
 
"İKT ili" üzrə həyata keçirilən işlərə gəlincə, ölkə başçısının 2013-cü il 28 mart tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiqlənib. Rabitə və informasiya texnologiyaları nazirinin 2013-cü il  22 aprel  tarixli 65 saylı əmri ilə RİTN-ə aid bəndlər üzrə əlavə "Tədbirlər Planı" təsdiq  olunub və tədbirlərin icrası RİTN-in şöbə, birlik və müəssisələrinə tapşırılıb.
Tədbirlər Planı 4 bölmədən ibarətdir. Belə ki, "Təşkilati tədbirlər" bölməsinə 4 bənd daxildir. "Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi" bölməsi 5 , "İKT potensialının gücləndirilməsi" 17,  "İnformasiya cəmiyyəti və insan potensialının inkişafı" bölməsi isə 26 bənddən ibarətdir. Ümumilikdə Tədbirlər planı 52 bənddən ibarətdir. Tədbirlər planının 23 bəndinin əsas icraçısı digər dövlət qurumlarıdır.
 
"İnformasiya cəmiyyətinin inkişafı üzrə 2013-2020-ci illər üçün Milli Strategiya"nın layihəsi hazırlanıb
 
"Tədbirlər Planı"nın icrasına gəldikdə, "Təşkilatı tədbirlər" bölməsi üzrə nəzərdə tutulan işlər çərçivəsində  "www.iktili.az" saytı  yaradılıb, təşviqat xarakterli məlumatlar hazırlanıb və Bakı şəhərinin bir çox reklam tablolarında, həmçinin təşviqat xarakterli məlumatlar regionlarda rabitə müəssisələrində yerləşdirilib. Eyni zamanda təşkilati tədbirlər çərçivəsində "İnformasiya təhlükəsizliyi problemləri üzrə I Respublika elmi-praktiki konfransı" keçirilib. "Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi" bölməsinin bəndlərinin icrası məqsədi ilə RİTN üzrə təsdiq olunmuş "Tədbirlər Planı"na əsasən, "İnformasiya cəmiyyətinin inkişafı üzrə 2013-2020-ci illər üçün Milli Strategiya"nın layihəsi və eyni zamanda iki qanun layihəsi hazırlanıb. Həmçinin "az." domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları hazırlanıb. Qaydalarda  domen adlarının onlayn əldə  edilməsi də nəzərdə tutulub. Bununla əlaqədar domen adlarının qeydiyyatının onlayn sistemi hazırlanıb və sentyabr ayından etibarən istifadəyə verilməsi nəzərdə tutulub.
 
İlk yarımilin normativ hüquqi aktları
 
I yarımil ərzində İKT sahəsində qəbul olunmuş normativ hüquqi aktlara gəlincə, bunlara "Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında" respublika prezidentinin 2013-cü il 1 fevral tarixli sərəncamını, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" prezidentin 2013-cü il 5 fevral tarixli fərmanını, "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" prezidentin 2013-cü il 5 mart tarixli fərmanını, "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında" prezidentin 2013-cü il 2 aprel tarixli fərmanını, "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqaviləyə qoşulmaq barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 603-IVQ nömrəli qanununu aid etmək olar.
Azərbaycanın ilk telekommunikasiya peykinin cari ilin 8 fevral tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə çıxarılması da 2013-cü ilin ən mühüm hadisələrindəndir. Azərbaycan ərazisində rəqəmli TV yayımına keçidin təmin olunması işləri çərçivəsində artıq Milli TV və radio proqramları paketi "Azərspace" peyki vasitəsilə yayımlanır.
 
Rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə işlər aparılır
 
Tədbirlər Planının icrası çərçivəsində rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması  ilə bağlı işlər də aparılır. Belə ki, telefon rabitəsi üzrə tariflərə yenidən baxılması üçün tarif paketi hazırlanıb. Tarif paketi 20.06.2011-ci il tarixli RİTN-MİŞ-6/1804 saylı məktubla Tarif Şurasına (TŞ) təqdim olunub. Hazırda tarif Şurasında rabitə tariflərinə baxılması üzrə RİTN-lə birgə İşçi Qrupu yaradılb. Həmçinin UPX tariflərinin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması məqsədilə tarif dəyişikliyi üzrə təkliflər paketi hazırlanıb və TŞ-yə təqdim olunub. Hazırda təkliflər şurada baxılmaqdadır. Eyni zamanda rəqəmli yayıma keçidlə əlaqədar televiziya yayım  tarifləri üzrə təkliflər də hazırlanaraq baxılması üçün Tarif (qiymət) Şurasına təqdim olunub.
 
İnternet servis provayderlərinin hazırlanmış təkliflərə rəylərinin öyrənilməsi üzrə işlər aparılır
 
Bundan başqa, internetin qiymətinin aşağı salınması məqsədi ilə internetin qiymətlərinin formalaşmasında iştirak edən xərclərin analiz edilməsi üçün həmin xərclərin və internetin tariflərinin (fiber-optik kabel üzərindən evlərə internetin təşkili tarifləri də daxil olmaqla) aşağı salınması üzrə "Aztelekom" İB, BTRİB və özəl provayderlərin təklifləri alınıb. Təkliflər aidiyyəti qurumların və internet seqmentində fəaliyyət göstərən internet servis provayderlərinin (İSP) iştirakı ilə nazirlikdə müzakirə olunub. Hazırda İSP-lərin hazırlanmış təkliflərə rəylərinin öyrənilməsi və yekun təklifin hazırlanması üzrə işlər aparılır.
 
11 milli standartın dövlət qeydiyyatına alınması üçün işlər aparılır 
 
Tədbirlər Planında "Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması" bəndi də yer alıb. Müvafiq bənd üzrə beynəlxalq standartlar əsasında  biometriya üzrə  3, rəqəmli TV üzrə 4, proqram məhsulları üzrə 2 və İT terminologiya üzrə 2 olmaqla, ümumilikdə 11 milli standart hazırlanıb və onların dövlət qeydiyyatına alınması üçün müvafiq işlər aparılır. 
 
İnformasiya Texnologiyaları Universiteti İT kadrlarına olan boşluğu dolduracaq
 
"İKT potensialının gücləndirilməsi" üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində yaradılmış yeni qurumların fəaliyyətlərinin təşkili ilə bağlı işlər də davam etdirilir. İlin əlamətdar hadisələrindən biri də İT kadrlarına olan ehtiyacın aradan qaldırılması zərurətindən yaradılan yeni ali təhsil müəssisəsidir. İnformasiya Texnologiyaları Universiteti (İTU) adlanan bu təhsil müəssisəsi üzrə 2013/2014-cü tədris ili üçün qəbul planı 4 ixtisas üzrə 60 tələbə olmaqla təsdiqlənib, hazırda İTU-ya qəbul prosesi davam edir. Yeri gəlmişkən, İT Universitetini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan üstünlüklərə də malik olacaqlar. İTU-nu seçənlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı da qazanacaq, məzunlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar. Eyni zamanda universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək veriləcək. Universitetdə tədris ediləcək ixtisaslara "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" daxildir.
 
Dövlət orqanlarının "E-hökumət" portalına qoşulması prosesi davam etdirilir
 
"İKT ili"nin ilk yarımilində "E-hökumət"in inkişaf etdirilməsi də diqqət mərkəzində olub. Bu istiqamət üzrə görülən işlər çərçivəsində "E-hökumət" portalının yeni versiyası istifadəyə verilib, e-imzanın tətbiqi genişləndirilib (dövlət qulluqçularına, hüquqi və fiziki şəxslərə verilən e-imzaların sayı 12000-ə çatdırılıb), "ASAN imza"nın (mobil imza) istifadəsinə başlanılıb. Dövlət orqanlarının "E-hökumət" portalına qoşulması prosesi davam etdirilir, portal vasitəsilə təqdim olunan e-xidmətlərin sayı 238-ə çatdırılıb və son 6 ayda portala müraciət edənlərin sayı 260000-i keçib. "Elektron hökumət" portalının "Facebook", "Twitter" sosial şəbəkələrdə səhifələri açılıb və bu səhifələrə maraq, istifadəçilərin sayı günbəgün artmaqdadır.
 
"Elektron hökumət" təlim-tədris mərkəzinin yaradılması ilə bağlı işlər davam edir
 
İnformasiya texnologiyalarından istifadə sahəsində dövlət qulluqçularının hazırlıq səviyyələrinin artırılması üzrə  tədbirlərin görülməsi üçün RİTN tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yaradılmış "Elektron hökumət" tədris sinfində onlara qısamüddətli ixtisasartırma kursları keçirilib. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin  genişləndirilməsi məqsədi ilə cari ilin 18 aprel tarixində RİTN və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında Azərbaycanda "Elektron Hökumət" üçün Təlim Mərkəzinin yaradılmasına dair Qrant Razılaşması" imzalanıb. Bu razılaşmaya əsasən, hazırda respublikanın paytaxtı və 15 bölgəsində yaradılacaq təlim mərkəzilərinin fəaliyyətinin təşkili üzrə işlər görülməkdədir.
 
Seçki dairələrinin optik kanallar vasitəsilə Mərkəzi Seçki Komissiyasına qoşulması və veb-kameraların quraşdırılması davam etdirilir
 
"Tədbirlər Planı"nda yer alan əsas istiqamətlərdən biri də ölkədə keçiriləcək seçki prosesi ilə bağlıdır. Bu sahədə İKT-nin tətbiqinin genişləndirilməsi işləri çərçivəsində seçki dairələrinin optik kanallar vasitəsilə Mərkəzi Seçki Komissiyasına qoşulması və veb-kameraların quraşdırılması davam etdirilir.
Qarşıdakı məqsədlərdən biri də regionlarda genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi üzrə tədbirlərin görülməsidir. Bu məqsədlə pilot layihənin həyata keçirilməsi çərçivəsində "Milli genişzolaqlı internetin inkişafı" layihəsi hazırlanıb. Pilot layihənin Göyçay rayonunda həyata keçirilməsi təklif olunub. 
 
İKT xidmətlərinin genişləndirilməsi, istifadəçilərlə operatorların, provayderlərin qarşılıqlı münasibətlərinin tənzimlənməsi sahəsində tədbirlər görülür
 
İnternetin keyfiyyətinin artırılması çərçivəsində İSP və istifadəçilər arasında münasibətləri tənzimləyən yeni müqavilə forması hazırlanıb. Həmçinin "Telekommunikasiya xidmətləri üzrə abunəçi və ya ərizəçi tərəfindən operatorun, provayderin sərbəst seçimi və telekommunikasiya operatorlarının, provayderlərinin vasitə və qurğularının qarşılıqlı yerləşdirilməsi (quraşdırılması və ya tikintisi) və istifadəsi Qaydaları"nın layihəsi müzakirə mərhələsindədir.
Bundan başqa, respublikanın telefon şəbəkəsində vahid 7 rəqəmli yığım qaydasına keçid başa çatdırılıb və 01.01.2013-cü il tarixindən köhnə yığım qaydası dayandırılıb. 01.05.2013-cü il tarixindən etibarən mobil cihazların qeydiyyat sisteminin tətbiqinə başlanılıb. Telekommunikasiya vasitələri və qurğularına 907 ədəd "Uyğunluq sertifikatı", mülki dövriyyəsinə xüsusi tələb olunan müxtəlif tipli avadanlıqların istismarı üçün 172 ədəd xüsusi icazə verilib.
Rouminq tariflərinin endirilməsi ilə bağlı işlər davam etdirilib və bir sıra istiqamətlər üzrə tariflər orta hesabla 35-40 faiz endirilib.
 
"Wikipedia Təhsil Azərbaycan" layihəsi həyata keçiriləcək
 
Bundan başqa, Azərbaycana dair kontentin və "Wikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə BƏŞ tərəfindən QHT ilə birlikdə "Wikipedia Təhsil Azərbaycan" layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi, Azərbaycan Respublikasının diplomatik  nümayəndəliklərinin İKT-nin Azərbaycanda inkişafı üzrə təşviqat materialları, məlumatlarla təminatının təşkili, xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin ölkədə İKT-nin inkişafı barədə məlumatlandırılması  istiqamətində müvafiq işlər aparılır.
 
Onlayn medianın inkişafı da gündəmdədir
 
Tədbirlər Planına əsasən, Rabitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Aka­de­miyası əsas icraçılar olmaqla, qeyri-hökumət təşkilatlarını cəlb edərək "Onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi" də nəzərdə tutulur. Onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi istiqamətində sentyabr-noyabr aylarında QHT ilə birlikdə "İnformasiya cəmiyyəti jurnalisti" layihəsi çərçivəsində onlayn medianın inkişafı üzrə təlimlərin keçirilməsi planlaşdırılır.
Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi də "İKT ili"nin əsas tədbirlərindəndir. Bu istiqamətdə Balakəndə icra və bələdiyyə nümayəndələrinin kompüter biliklərinin artırılması, Quba-Xaçmaz zonasında isə "E-hökumət"lə bağlı təlimlər keçirilir.
 
"İKT ili"in genişmiqyaslı layihəsi - "Mən azərbaycanlıyam"
 
"İKT ili"ndə həyata keçirilən genişmiqyaslı layihələrdən biri də "Mən azərbaycanlıyam" onlayn bilik yarışmasıdır. "Əhəmiyyətli mövzular üzrə onlayn tədbirlərin keçirilməsi" üzrə müvafiq bəndə uyğun icra edilən layihənin coğrafi əhatə dairəsi gündən-günə artır. Hal-hazırda onlayn bilik yarışmasına qatılanların sayı 44 mini keçib. Bu istiqamət üzrə təşkil olunan digər layihə "Mənim Azərbaycanım" internet fotomüsabiqəsidir. İyunun 1-dən başlayan müsabiqə hazırda 3 nominasiya üzrə - Təbiət, Tarix və "Ən orijinal foto"  üzrə davam edir.
Eyni zamanda ötən müddətdə İKT üzrə müsabiqə, viktorina, olimpiadaların, həmçinin onlayn keçirilməsi istiqamətində ali məktəb tələbələri arasında informatika üzrə olimpiada da təşkil edilib. İKT üzrə beynəlxalq və ümumrespublika konfranslarının, forumların, seminarların, "dəyirmi masa"ların, sərgilərin keçirilməsi  istiqamətində "E-hökumət: gömrükdə innovasiyalar", "Riyaziyyat və informatikanın aktual problemləri" mövzusunda beynəlxalq konfranslar da keçirilib. Hazırda isə "E-hökumət" üzrə yazı müsabiqəsi keçirilir, həmçinin ilin sonunda "Ən yaxşı elmi məqalə",  "Ən yaxşı kitab" və s. üzrə müsabiqələrin keçirilməsi də nəzərdə tutulur.
Cəmiyyətin İKT-yə tələbatının öyrənilməsi, İKT-nin kütləviləşdirilməsi üzrə tədbirlərin keçirilməsi ilə əlaqədar  "Azərbaycanda informasiya cəmiyyəti 2013" məcmuəsi də çap olunub, "Rabitə dünyası", "www.mincom.gov.az", "www.iktili.az" və "www.ictnews.az"  saytlarında mütəmadi olaraq məlumatlar yerləşdirilir və müxtəlif sorğular keçirilir. Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "Elektron Hökumət Bülleteni" elektron və çap formasında yayılır.


Həqiqət İSABALAYEVA




31/08/13    Çap et