Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kitabxana resurslarını dünya informasiya məkanına aparan yol


2013-cü ilin "İKT ili" elan edilməsi bütün sahələrdə olduğu kimi, ölkə kitabxanalarında da texnologiyaların tətbiqi sahəsində işləri intensivləşdirib. Belə ki, "Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı Tədbirlər Planının 2.2. bölməsinə uyğun olaraq, kitabxanaların kompüter və informasiya-proqram təminatı, respublika üzrə kompüterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması işi həyata keçirilir.
 
Elektron kataloqları olan kitabxanaların sayı 42-yə çatıb
 
İndiyə qədər görülən işlər barədə "Rabitə dünyası"na Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova məlumat verib: "Ölkədə "İKT ili" elan edilməsi ilə əlaqədar bu bölmə, yəni kitabxanaların informasiyalaşdırılması və kitabxana-informasiya proseslərinin avtomatlaşdırılması daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Burada məqsəd kitabxanaların çox maraqlı dizaynı, informasiyalı saytların yaradılması, respublikanın kitabxanalarında elektron kataloq və elektron kitabxanaların yaradılmasıdır. Bu sahədə Azərbaycanda ilk dəfə yenilik edildi.  C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində "Azərbaycan Milli İnformasiya Kitabxana Mərkəzi" təsis edilərək, vahid mərkəz təşkil olunub. Bu gün elektron kataloqları olan kitabxanaların sayı 42-yə çatıb ki, artıq elektron kataloqları olan bütün kitabxanalar da vahid veb-mərkəzdən idarə olunur. Bu mərkəz fasiləsiz fəaliyyət göstərir". 
 
Vahid veb-mərkəz oxucuların işini asanlaşdırıb
 
Vahid mərkəzin yaradılması oxucular üçün də olduqca əlverişli mühit yaradıb: "Şəhər və rayonlarda elektron kataloqun fasiləsiz fəaliyyətini təmin edəcək belə imkan, güclü serverlər yoxdur. Saat 6-da kitabxanalarda serverlər söndüyü üçün oxucular yalnız kitabxananın saytına baxa bilirdilər, amma kitabxananın fondunu, onlara lazım olan kitabları  oradan tapa, ya da istəyə bilmirdilər. "Azərbaycan Milli İnformasiya Kitabxana Mərkəzi"nin yaradılması və orada vahid mərkəzin təşkili artıq bu problemi həll etdi. İndi oxucular zamandan, məkandan asılı olmayaraq, hər zaman onlara gərəkli olan kitabları elektron kataloqlardan tapa bilərlər. Elektron bazalarda təkcə kitabxanalar yerləşdirilməyib, bizim Quba rayon Mərkəzi Kitabxanası, Gəncə Şəhər Mərkəzi Kitabxanası, Ağdaş rayon Mərkəzi Kitabxanası və s. kimi bir çox qabaqcıl kitabxanalarımız var. Bu kitabxanalarda çox maraqlı bazalar var, orada kitablardan başqa, digər maraqlı elektron bazalar da təşkil olunub. Məsələn, "Diyarşünaslıq bazası" var ki, buraya ancaq o rayon, məmləkət haqqında məlumatlar yerləşdirilir. Yəni həm qəzet, jurnal, həm elektron kitablar  burada yer alır. Digər maraqlı baza "Ekstra kitablar" bazasıdır. Buraya oxucular tərəfindən tez-tez soruşulan, tələb olunan "Kiril" qrafikasında olan köhnə kitablar daxildir. Biz onlara "Retro kitablar" deyirik. "Retro baza"larla yanaşı, turizmlə bağlı maraqlı elektron bazalar da yaradılıb".  
 
Bütün bazalar rübdə bir dəfə zənginləşir
 
Sektor müdiri neft sektoru ilə bağlı zəngin elektron bazanın formalaşdırıldığını da deyir: "Bütün bazalar, demək olar ki, rübdə bir dəfə genişlənir. Onların sırasına oxucuların tələbatına cavab verən yeni bazalar əlavə edilir. Kitabxanaçılar kitabların kataloqda pərakəndə yerləşdirilməməsi üçün istifadəçilərin istəyinə uyğun olaraq, səhiyyə, kənd təsərrüfatı, təhsil və s. istiqamətlər üzrə yeni bazalar yaradırlar. Yəni kataloqla yanaşı, onlar üçün ayrı bazalar da yaradılıb. Eyni zamanda hər ilin jurnallarının ayrıca elektron kartotekası təşkil olunur".   
 
Azərbaycanda ilk dəfə ən güclü bazalar əsasında toplu kataloq yaradılıb
 
L.Məmmədova Azərbaycanda ilk dəfə toplu kataloqun yaradıldığını da deyir: "Bu, çox böyük yenilikdir. Deyərdim ki, Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında ilk dəfə Azərbaycan belə təşəbbüslə çıxış edib. Bu o deməkdir ki, fondu, bazaları güclü 6 ən yaxşı kitabxana öz fondlarını elektron toplu kataloqa daxil edirlər. Bunlar C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanası, Prezident Kitabxanası, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemidir. Eyni zamanda Azərbaycan Diplomatik Akademiyasının kitabxanası öz resurslarını bizə verib. Hazırda biz kataloqa Axundov adına Milli Kitabxananın resurslarını qəbul etməyə hazırlaşırıq. Hələlik burada sistemlə bağlı problemlər var və texniki işçilər bunun üzərində işləyirlər".
 
Cənubi Qafqaz və Orta Asiya üçün yenilik olan toplu kataloqda 78 mindən çox kitabın təsviri var
 
Nazirlik rəsmisinin sözlərinə görə, bu gün toplu kataloqda 78 mindən çox kitabın təsviri var: "Azərbaycanın istənilən rayon və ya şəhər kitabxanasına kitab gəlirsə, kitabxanaçılar ilk növbədə tolu kataloqa daxil olaraq, onun adıçəkilən 6 kitabxana olub-olmadığını yoxlayırlar. Əgər kitab orada olarsa, onun hazır təsvirini götürüb, öz kitabxanalarına idxal edirlər, sadəcə olaraq, kitabın nüsxələrinin sayını dəyişdirirlər. Məsələn, Prezident Kitabxanasında "Neft siyasəti" iki nüsxədirsə, Neftçala kitabxanasında nüsxələrin sayı 5-dir. Beləliklə, nüsxələrin sayı çoxaldılır və yeni nüsxələrin yerləşdiyi kitabxanalar, şöbə və filiallar göstərilir. Bu da kitabxanaların işini dəfələrlə asanlaşdırır, digər tərəfdən biblioqrafik yazıları unifikasiya edir, yəni bütün yazılar çoxaldılır və orada heç bir fərqə, kitabların indeksində heç bir səhvə yol verilmir. Yəni 42 kitabxana eyni kitabları yazsa, texniki, o cümlədən orfoqrafik səhvlər də istisna edilmir. Eyni zamanda bir kitabın 42 dəfə yazılmasının da səmərəliliyi yoxdur. Amma toplu kataloqdan lazım olan kitab götürülür və oradakı təsvirdən istifadə edilir. Bu kataloqda olmayan kitabın təsvirini isə özləri yaradırlar.  Bu baxımdan, toplu kataloqun çox böyük əhəmiyyəti var."
 
Virtual oxucuların sayı artır 
 
Sektor müdiri deyir ki, toplu kataloqda yer alan 78 mindən çox kitabın təsvirinin təxminən 30 mindən çoxunu bizə Prezident Kitabxanası təqdim edib: "Azərbaycan Diplomatik Akademiyasının kitabxanasından da xeyli resurs daxil edilib və respublikanın tarixində çox böyük yenilik sayılan bu iş hazırda davam etdirilir. Bu işlər görüləndə bizim virtual oxucularımızın sayı artır. İndi kitabxanaya gəlməyən oxucuların da hesabatı aparılır, bunun üçün saytlarda hesablama sayğacları qoyulub. Bir nəfərin girişi elə bir giriş sayılır. Sayğac gün ərzində hər hansı elektron kataloqa yalnız 5 nəfərin daxil olduğunu göstərsə də, əslində ondan hətta 50 nəfər istifadə edir. Çünki burada 5 yalnız İP ünvanı göstərir və oradan daxilolmalar yalnız bir giriş kimi qeydə alınır. Ona görə də bizdə virtual oxucuların sayı qat-qat aşağı göstərilir, halbuki bu rəqəm daha çoxdur. Sayt və kataloqlarımız gecə-gündüz fəaliyyətdədir və oxucular "Azərbaycan Milli İnformasiya Kitabxana Mərkəzi"nə çox böyük maraq göstərirlər.  Mərkəzin saytında Azərbaycanın interaktiv xəritəsi verilib və bu xəritə vasitəsilə hər bir şəhər və rayonun kitabxanasına daxil olmaq mümkündür".
 
 
Oxu zallarının kompüter qıtlığı
 
Yeniliklərə baxmayaraq, problemlər də qalmaqdadır. Belə ki, kitabxanalarda kompüterlərin sayı olduqca azdır: "Bütün mərkəzi kitabxanalarda indi  "wi-fi" zonaları yaradılıb, amma bu zonaların yaradılmasına baxmayaraq, oxu zallarında çox az sayda kompüterlər var. Oxu zallarında 3-4, bəzən 5 kompüter var. Bu, çox azdır. 7-8 kompüteri olan nadir kitabxanalar var. Kitabxanalarda bundan artıq kompüter yoxdur. Kitabxana filiallarından da ürəkağrısı ilə danışırıq. Azərbaycanda demək olar ki, 10-15 kitabxana filialında 1 ədəd kompüter var.  O da heç internetə qoşulmayıb. Bu da informasiyalaşma sahəsində xeyli problemlər yaradır, kənddə olan istifadəçilərimizi vaxtlı-vaxtında informasiya ilə təmin edə bilmir. Bu filiallarda da "wi-fi" zonaları yaradılmalıdır".  
 
 
Kitabxanalar proqram təminatı problemi ilə üz-üzə
 
Hələlik yalnız 42 kitabxananın elektron kataloqu olduğunu da deyən sektor müdiri digər kitabxanaların proqram təminatı ala bilmədiklərini deyir: "Vəsaitləri olmadığından bu kitabxanalar avtomatlaşdırılmış informasiya sistemini əldə edə bilməyiblər. Bunlar yerli vəsaitlər hesabına alınır. Cəmi 65 kitabxanamız var, amma çoxu hələ də bunları ala bilməyib. Məsələn, Lerik, Yardımlı, o cümlədən, məcburi köçkün rayonlarımızın əksəriyyətində bunlar yoxdur. Naftalan, Mingəçevir kimi böyük şəhərdə elektron kataloq yoxdur. Bunlar da xeyli problem yaradır".
 
 
Həqiqət İSABALAYEVA
 




02/09/13    Çap et