Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir müavini: “İƏT ölkələrinin iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı genişləndirilməli, bu istiqamətdə birgə elmi tədqiqatlar aparılmalıdır”



Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və “EcoMod Networking” şirkətinin birgə təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçirilib.
 
 Tədbirdə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları iştirak ediblər. Forumun keçirilməsində məqsəd İƏT-ə üzv ölkələrin (Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) iqtisadi beyin mərkəzləri arasında elmi əlaqələrin qurulması və davamlı olaraq inkişaf etdirilməsi imkanlarını müzakirə etməkdir. Forum çərçivəsində İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin iştirakı ilə “Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf” mövzusunda I Beynəlxalq Konfrans da keçirilib.
 
Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın İƏT-ə üzv olduğu dövrdən ölkəmizin təşkilatın fəaliyyətinə böyük önəm verdiyini və regionda uğurlu fəaliyyətində maraqlı olduğunu qeyd edib. Bildirilib ki, İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra işlər görülüb, konseptual istiqamətlər müəyyənləşdirilib: “Azərbaycan İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə 10 müxtəlif saziş imzalayıb. Həmçinin, ölkəmiz İƏT Bankına üzvdür. Bu, Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradıb”.
 
Sevinc Həsənova İƏT-ə üzv olan dövlətlərlə ticarət dövriyyəsində davamlı artımın müşahidə edildiyini də diqqətə çatdırıb:
 
“İƏT ölkələrinin iqtisadi beyin mərkəzlərinin əməkdaşlığının genişləndirilməsi, bu istiqamətdə birgə elmi tədqiqatların aparılması, müxtəlif tədbirlərin təşkili və əldə olunmuş müsbət nəticələrdən istifadə olduqca vacibdir. Bu baxımdan, İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 1-ci Bakı Forumu və “Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf” mövzusunda 1-ci Beynəlxalq Konfransı əhəmiyyətlidir”.
 
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov çıxışında təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin aktuallığını qeyd edib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, “EcoMod Networking” şirkətinin prezidenti Əli Bayar isə çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs ediblər.
 
Həqiqət İSABALAYEVA




06/09/13    Çap et