Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının avqust ayı üzrə qalibləri mükafatlandırılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının avqust ayı üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
Qalib gəlmiş şəxslərə netbuk tipli kompüter,  ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar –  “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartları təqdim edilib.
 
 
Mükafatlandırma mərasimində RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev qalib iştirakçıları təbrik edərək bildirib ki, 3 ay ərzində yarışmaya qoşulanların sayı 53 minə çatıb. Şöbə müdiri bunu yarışa olan böyük marağın bariz nümunəsi kimi qiymətləndirərək əlavə edib ki, sözügedən yarışda iştirak edənlərin 62 faizi kişi, 38 faizi isə qadınlardır:
 
 
 «İştirakçıların 41 minə qədəri veb-sayt üzərindən, 10 min nəfər isə yarışmanın “Facebook” səhifəsi vasitəsilə oyuna qoşulub. Çox sevindirici bir hal  oyunda iştirak edənlərin 39.6%-nin 18-25 yaş qrupuna mənsub gənclərin olmasıdır».
İ.Əliyev xatırladıb ki, yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırılması mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.
 
 
Qeyd edək ki, “Mən Azərbaycanlıyam” onlayn bilik yarışması ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində reallaşdırılır. Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. 
 
 
Yarışmaya oyunun rəsmi  saytı (www.azerbaycanliyam.az) və “Facebook”dakı səhifəsi (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts) vasitəsilə qoşulmaq mümkündür.
 
 
SEYMUR




06/09/13    Çap et